Bakı. Trend:
Türkiyə Respublikasının Tarsus Bələdiyyəsinin sədri Şövkət Candan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Tarsus sakinləri adından və şəxsən öz adımdan Sizə, Azərbaycan xalqına Türkiyədən qucaq dolusu sevgi və salamlarımızı çatdırıram.
Biz Azərbaycanla Türkiyə arasında illərdən bəri davam edən qardaşlıq əlaqələrini hər zaman yüksək dəyərləndiririk. Yüz il bundan əvvəl xalqınızın müstəqillik uğrunda mübarizəsinin nəticəsi olan haqlı zəfərinizin ildönümü – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qardaşlığımızın və dostluğumuzun bundan sonra da möhkəmlənməsini və əbədi davam etməsini diləyir, Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq arzulayıram".
XXX
Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazdan:
"Möhtərəm cənab Prezident. Sizi və Azərbaycan xalqını Mersin sakinləri adından, şəxsən öz adımdan səmimiyyətlə salamlayır, sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.
Azərbaycanla Türkiyə arasındakı əlaqələri daim yüksək dəyərləndiririk. Vətəninizin birliyi və millətinizin müstəqilliyi uğrunda apardığınız mübarizədə qazanılmış zəfərin – bu yolda ən böyük addım olan Cümhuriyyətin yaradılmasının 100-cü ildönümündə Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Birlik və bərabərlik ab-havasının davamlı olması, qardaşlığımızın gündən-günə daha da inkişaf etməsi, Vətənimizin gələcəyə güvənlə baxan daha güclü bir ölkə olması diləyi ilə ən səmimi sevgi və salamlarımı Sizə çatdırıram".
XXX
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən:
"Möhtərəm Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.
Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.
Hazırda müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz əməyiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar qazanaraq, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.
Zati-aliləri, hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
XXX
Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, bu möhtəşəm Milli Gün münasibətilə Sizi, ailənizi, Sizin simanızda bütün Azərbaycan xalqını və dövlətini Sudan hökuməti, xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Mən bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızda olan qardaşlıq və sülh bağlarının getdikcə daha da güclənəcəyinə əminliyimi ifadə etməkdən şərəf duyuram.
Zari-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz".
XXX
Mərakeşin Kralı VI Məhəmməddən:
"Cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, xalqlarımız arasında möhkəm qardaşlıq bağlarına, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.
Mən xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını səbirsizliklə gözləyirəm".
XXX
Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi yunan xalqı adından və eləcə də öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Yaranmış bu xoş fürsətdən istifadə edərək, dost Azərbaycan xalqına rifah və tərəqqi, Sizə isə möhkəm cansağlığı arzulayıram".
XXX
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesdən:
"Cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırıram.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".
XXX
İspaniyanın Kralı VI Felipedən:
"Cənab Prezident. Sizi bu il xüsusi əhəmiyyət kəsb edən və Azərbaycanın milli bayramı olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həm öz adımdan, həm də İspaniya hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Cənab Prezident, Sizə şəxsi rifah, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırıram.
Sizə dərin hörmət və ehtiramımı izhar edirəm".
XXX
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:
"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə şəxsən öz adımdan və bütün Həştərxan sakinləri adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağa şadam.
Biz xalqlarımızın tarixi dostluğunu əziz tuturuq və bu bayramın sevincini Azərbaycan sakinləri ilə səmimi qəlbdən bölüşürük.
İnanırıq ki, biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini bundan sonra da fəal şəkildə artıracağıq. Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə səmimi qəlbdən xoş bayram əhval-ruhiyyəsi, cansağlığı, firavanlıq və Azərbaycan dövləti naminə qurucu əməyinizdə uğurlar arzu edirəm".
XXX
TÜRKPA-nın baş katibi Altınbek Mamayusupovdan
"Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il yaranmasının 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti qardaş xalqın həyatında çox mühüm və önəmli hadisə olmaqla yanaşı, Şərqdə və türk dünyasında ilk demokratik respublika kimi tarixə düşmüş və Azərbaycan xalqının milli oyanışı və mədəni yüksəlişinin məntiqi yekunu olaraq milli dövlətçiliyin əsası qoyulmuşdur. Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində qardaş Azərbaycan xalqı bu yüksəlişi yaşamaqda davam etmiş, ölkədə iqtisadiyyatın inkişafı, siyasi sabitliyin qorunması və xalqın həyat səviyyəsinin yüksəlməsi dövlətin qüdrətinin artmasına və Azərbaycanın bir çox ölkələr üçün iqtisadi, siyasi və sosial inkişaf nümunəsinə çevrilməsinə gətirib çıxarmışdır.
TÜRKPA-ya göstərdiyiniz diqqət və qayğını daim hiss etmiş və etməkdəyik. İnanıram ki, türkdilli ölkələr arasında əməkdaşlıq Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində inkişaf edərək daha da genişlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".
XXX
Yaponiyanın İmperatoru Akihitodan:
"Zati-aliləri. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".
XXX
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Yüz il əvvəl mayın 28-də Azərbaycan xalqı müsəlman Şərqində və türk dünyasında birinci olaraq demokratik inkişaf modelini seçmiş və ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna iz buraxmışdır.
Qurulmasının 100-cü ildönümünü qeyd etdiyimiz müasir Azərbaycan Respublikası Zati-alinizin müdrik rəhbərliyi sayəsində qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və dünya dövlətləri arasında öz layiqli yerini tutaraq inamlı addımlar atır.
Bu il 25 illiyini qeyd etdiyimiz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a olan daimi dəstəyini və Azərbaycan ilə TÜRKSOY arasında qarşılıqlı mədəni əlaqələrin inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, Azərbaycan Cümhuriyyətinə firavanlıq, Zati-alinizə cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".