...

Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 10 Dekabr 2018 13:13 (UTC +04:00)
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilib
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

10 dekabr 2018-ci il tarixində Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlanıb. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyanında Əbədi Məşəl kompleksi önünə əklil qoyub, şəhidlərin xatirəsini anıb.

Trend-in məlumatına görə, anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açıb. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq deyib: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının Ümumilli lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.

Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”.

T.Ağahüseynov həmçinin Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirib.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışıb.

Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”.

Daha sonra çıxış edən veteranlar Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, Ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti