...

Azərbaycan Prezidenti: Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha göstərir ki, böyük şirkətlər energetika sahəsinə investisiya qoymağa hazırdırlar

Siyasət Materials 29 Yanvar 2019 22:02 (UTC +04:00)
Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha göstərir ki, böyük şirkətlər energetika sahəsinə investisiya qoymağa hazırdırlar.
Azərbaycan Prezidenti: Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha göstərir ki, böyük şirkətlər energetika sahəsinə investisiya qoymağa hazırdırlar

Bakı. Trend:

Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha göstərir ki, böyük şirkətlər energetika sahəsinə investisiya qoymağa hazırdırlar.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident bildirib ki, prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər öz həllini tapıb: “Ancaq bu proses davam etdiriləcək. Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi, biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir”.

İlham Əliyev əlavə edib ki, eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır: “İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik.

Beləliklə, əgər bu üç məsələ öz həllini taparsa, - mən əminəm ki, bu, belə də olacaq, - biz əlavə 1500 meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan daxili tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik. Bununla paralel olaraq, bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində işlər getməlidir. İlk növbədə, su elektrik stansiyalarının, günəş və külək stansiyalarının tikintisi. İndi bu sahəyə xarici investorlardan maraq var. Daha doğrusu, Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha onu göstərir ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar, bu barədə düşünürlər. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Çünki bu gün bu sahədə yeni texnologiyalar yaradılır və bu texnologiyalar səmərəliliyi böyük dərəcədə artırır. Hesab edirəm ki, yerli şirkətlər də bu işlərə mütləq fikir verməlidirlər”.

Dövlət başçısı vurğulayıb ki, ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir: “Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti