...

Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində

Siyasət Materials 15 Fevral 2019 08:00 (UTC +04:00)
Bu gün Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim akademik Arif Mir Cəlal oğlu Paşayevin yubileyidir.
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində

Bakı. Trend:

Elmin inkişaf tarixi belə bir həqiqətə şahidlik edir ki, onun müxtəlif mərhələlərində əldə olunan bütün uğur və nailiyyətlər, sosial tərəqqini stimullaşdıran konseptual baxışlar, sivilizasiyanı irəliyə doğru hərəkət etdirən elmi kəşflər, innovativ yeniliklər bilavasitə yüksək mənəvi-əxlaqi keyfiyyətləri və dərin intellekti özündə birləşdirən şəxsiyyət fenomeni ilə bağlıdır. Məhz istedadlı, kreativ, parlaq zəkaya malik, aydın vətəndaş-ziyalı mövqeyi ilə seçilən alim şəxsiyyəti olduğu halda, elmin bu və ya digər sahəsində xüsusi rol oynayan məktəblər yaranır, həmin məktəblərin timsalında şəxsiyyətin cəmiyyətdəki mənəvi-intellektual təsir imkanları onilləri, yüzilləri əhatə edərək uzunmüddətli və fasiləsiz xarakter alır. Çox sevindirici haldır ki, qədim və zəngin elmi ənənələrə malik Azərbaycan elmində, xüsusən onun ən parlaq dövrü hesab olunan XX əsrdə belə alim-şəxsiyyətlər kifayət qədərdir. Onların sırasında Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış, respublikamızda elmin, təhsilin təşkilində xüsusi xidmətlər göstərmiş görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim akademik Arif Mir Cəlal oğlu Paşayevin adı xüsusi mövqeyə malikdir.

Akademik Arif Paşayev XX əsr Azərbaycan humanitar-elmi və ədəbi düşüncəsinin görkəmli nümayəndəsi, tanınmış yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında əvəzedilməz xidmətlər göstərmiş bir alim və istedadlı yazıçı olmaqla yanaşı, eyni zamanda yüksək mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan bir şəxsiyyət olmuşdur. Onun daxili aristokratizmi, davranışındakı sambal, başqalarına münasibətdə sakral-mənəvi dəyərlərə bağlılıq heç bir halda "sovet ziyalısı" qəlibinə sığmamışdır. Məhz bu dəyərlərin daşıyıcısı olmağın nəticəsidir ki, “Mir Cəlal bütövlüyü”, “Mir Cəlal xeyirxahlığı”, “Mir Cəlal dürüstlüyü”, “Mir Cəlal sözü”... ədibin öz sağlığında elmi və ədəbi ictimaiyyət arasında, ümumiyyətlə cəmiyyətin müxtəlif sferalarında şəxsiyyət fenomeninin meyarına, etalonuna çevrilmişdir.

Ot kökü üstə bitər, – deyiblər. Akademik Arif Paşıyev Mir Cəlal müəllimin övladı olaraq bu ailənin mənəvi və intellektual ənənələrini ləyaqətlə davam etdirmişdir. Mir Cəlal müəllimin qürurla və uzaqgörənliklə söylədiyi “Mənim ən böyük əsərim ailəmdir” - fikri bu ailənin timsalında öz parlaq təsdiqini tapmışdır. Məhz belə bir şəxsiyyətin tərbiyəsinin nəticəsidir ki, Arif Paşayev insanlara münasibətdə yüksək mədəniyyət, təmənnasızlıq və xeyirxahlıq ənənəsini yaşatmış, onun fəaliyyətinin əsas prioritetlərini elm, təhsil və yüksək mənəvi dəyərlərə sadiqlik təşkil etmişdir. Müstəqil dövlətimizin siyasi və ictimai həyatında, elm və təhsildə təkrarolunmaz söz sahibi olan Bu nəslin nümayəndələri Mir Cəlal müəllimin “Mənim ən böyük əsərim ailəmdir” ifadəsinə qoyduğu mənanın sərhədlərini Azərbaycan sərhədlərinə qədər genişləndirir, əsl ədibə məxsus olan və yalnız illər keçdikcə sirrini açan həqiqətə çevirirlər.

Akademik Arif Paşayevin həyat bioqrafiyası olduqca çoxşaxəli və zəngindir. Onun keçdiyi yol məna və dəyəri ilə xüsusilə seçilir. O, hələ ilk gənclik illərindən rahatlığını axtarışlarında tapıb. Bir gənc olaraq elm üçün ürəyinin qapıları açıq, sevgisi dəniz qədər geniş olub. Yuxusuz gecələrin mütaliəsi nəticəsində elmin həqiqət yolu öyrənildikcə şirinləşib, böyük arzuları həyatında reallıqlara çevrilib. Bir anlığa dünyada düşüncə sahiblərinin fikirlərini xatırlamaq yerinə düşərdi. Dahi Viktor Hüqo yazırdı: “Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır”, Onore de Balzak isə “Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır” - demişdir. Odur ki, aldığı tərbiyə ilə həyatını elmdə və təhsildə görən akademik Arif Paşayev çətin yolları düz getmək üçün daima narahatlıqda və axtarışda olmuşdur.

O, Odessa Elektrotexniki Rabitə İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlamış, Azərbaycan Milli Elmlər Akademiyasında davam etdirmişdir: 1958-ci ildə AMEA Astrofızika sektorunda kiçik elmi işçi, 1959-cu ildən bu günə kimi AMEA Fizika İnstitutunda kiçik elmi işçi (1959-1961), böyük elmi işçi (1966-1971) və laboratoriya müdiri (1971-1996) vəzifələrində çalışmışdır. 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiq perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. Alim 1993-97-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Arif Paşayev 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə Arif Paşayev 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Arif Paşayevin multidissiplinar xarakterli elmi fəaliyyəti fizika, texnika və aerokosmika elmlərinin mühüm prioritet istiqamətlərini özündə birləşdirir. O, yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti, yürüklüyü və s.) ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratdı, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoydu.

Arif Paşayevin elmi - tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənməsidir. O, fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların parametrlərini araşdırmışdır. Alınmış nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir. O, müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmışdır. Dəqiq, inteqral miniatür çevricilərin, temperatur, təyziqə, nəmliyə, gücə, təcilə, aşınmaya və titrəyişə həssas elementlərin yaradılması sahəsində də Arif Paşayev mühüm nəticələr əldə etmişdir. Bu elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir.

Akademik Arif Paşayev respublikamızda yeni perspektivli elm sahələrinin inkişafını daim diqqətdə saxlamış, təşəbbüsü və dəstəyi hesabına süni peykləri ilə kosmik ölkələr sırasına daxil olan dövlətimizdə Milli Aviasiya Akademiyasının, AMEA-nın Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin birgə səyləri nəticəsində Fizika İnstitutunun nəzdində “Kosmos və yerətrafı kosmik fəzanın fizikası” laboratoriyası yaradılmışdır. Görkəmli fizik Milli Aviasiya Akademiyası, AMEA-nın Təcrübə-Sənaye Zavodu və “Zeytun” Elm-İstehsalat Müəssisəsi birgə yüksək elektrik izolyasiyalı, korroziyaya və rütubətə davamlı, səs dalğalarının yayılması üçün şəffaf kipləndirici olan yeni poliefiruretan əsaslı lak-kompaundun, aviasiya təyinatlı aşağı temperaturlu sürtkü materialları və hidravlik mayelərin, həlledicilərin istehsalı texnologiyasını işləmişdir. Alınan nailiyyətlərin orijinallığı Azərbaycanın və Rusiya Federasiyasının patentləri ilə təsdiqlənmişdir.

Akademik Arif Paşayev səmərəli elmi və elmi-təşkilatı işlə yanaşı, olduqca faydalı pedaqoji fəaliyyətlə də məşğuldur. Uzun müddətdir ki, rektoru olduğu Milli Aviasiya Akademiyası respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilmiş, burada tədris prosesi və elmi-tədqiqat işləri yüksək səviyyədə təşkil olunmuş, yeni müasir kafedra və ixtisaslar açılmışdır. Bütün bunların nəticəsində Akademiya Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Müstəqil respublikamız üçün son dərəcə vacib kadrları hazırlayan Milli Aviasiya Akademiyasında təhsilin səviyyəsinin yüksəldilməsi üçün onun şəxsi nəzarəti, kollektivdə sağlam elmi-pedaqoji mühitin yaradılması və gündəlik qayğısı, yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə göstərdiyi diqqət qazanılan nailiyyətlərin sırasındadır. Rəhbərlik etdiyi akademiyanın nəzdində yaratdığı Elmi-Tədqiqat Aviasiya İnstitutunda Xüsusi Konstruktor Bürosunu və Təcrübi-Sınaq Bölməsini özündə birləşdirən Elmi-İstehsalat Birliyi aviasiya sahəsində ən yüksək səviyyədə tədqiqatlar aparmağa imkan verir. Bu da elmi nəticələrin tətbiqini sürətləndirməyə olduqca əlverişli şərait yaradır. Əbəs yerə deməmişlər ki, elm sərkərdə, təcrübə isə onun əsgəridir.

Arif Paşayev 300-dən artıq elmi əsərin müəllifidir. Onun çoxsaylı monoqrafiya və ixtiralarında əks olunan fundamental elmi-texniki nəticələri, yüksəkixtisaslı elmi kadrların hazırlanmasındakı göstəriciləri, faydalı elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti, Azərbaycanda ali aviasiya təhsilinin müasir səviyyədə təşkili müstəsna xidmətlərindəndir.

Elm yolunda yorulmaz alim, akademik Arif Paşayev Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuş, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Yusif Məmmədəliyev adına medal, “SSRİ-nin ixtiraçısı” fəxri adlarına layiq görülmüş, Azərbaycan Mühəndislər Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir.

Həyatını elmə bağlayaraq bu yola sadiq qalan, elmə sədaqətlə xidmət edən alim fədai bir şəxsiyyətə çevrilmişdir. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda onu görkəmli alim, təşəbbüskar təşkilatçı, başlıcası isə qayğıkeş bir insan kimi tanıyırlar. Onun nadir iş qabiliyyəti, yaradıcılıq enerjisi və aktiv vətəndaş mövqeyi müstəqil Azərbaycan vətəndaşları üçün örnəkdir.

Akademik Arif Paşayevin məxsusi müdrikliyi, insanlara qarşı xeyirxahlığı, tükənməz enerjisi və nikbinliyi uca görünən zirvənin varlığıdır. Onu tanıyan hər kəs Vətənə təmənnasız xidmətin, qarşıya qoyulan məqsədə çatmaq bacarığının, fədakarlığın, yüksək ideallara sadiqliyinin şahididir. Bütün bunlar ani uğurlar deyil, gərgin əməyin, yuxusuz gecələrin, elmi axtarışların məntiqinin işığı və nəticəsi, yuxarıda qeyd olunan yüksək dövlət mükafatları, fəxri adları həyatının parlaq qələbəsi olmuşdur. Ətrafa saçılan bu işıq bizlərdə inam yaradır ki, onun mənbəyi olan görkəmli alim və pedaqoq hələ uzun illər xalqımıza, Vətənimizə dəyərli töhfələr verəcəkdir. Məhz bu ümdə keyfiyyətlərinə görə Arif Mir Cəlal oğlu xalqın dərin hörmətini qazanan nadir şəxsiyyətlərdəndir.

O, yüksək elmi-praktiki, pedaqoji və yaradıcılıq potensialına malik olmaqla yanaşı, vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, ictimai işlərdə yorulmadan əmək sərf edən, gənc nəslin təlim-tərbiyəsinə, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xüsusi diqqət göstərən qayğıkeş rəhbər, səmimi insan və xeyirxah şəxsiyyətdir.

Sosial təsisat olaraq ailənin çox həssas mərhələyə qədəm qoyduğu müasir cəmiyyətdə Arif Paşayevin milli mentalitetlə ümumbəşəri dəyərlərin daşıyıcısı olan ailəsi olduqca gözəl bir örnəkdir. Onun tərbiyəsini almış və ölkəmizin layiqli vətəndaşları olan övladları, Mehriban xanım Əliyeva və Nərgiz xanım Paşayeva milli dövlət quruculuğunda, cəmiyyətin sosial-mədəni həyatında, elmin, təhsilin inkişafında yaxından iştirak edir, xüsusən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, qədim və zəngin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində xüsusi səy göstərirlər. Milli mentalitetimizdə xanımlığın olduqca özəl bir mövqeyi vardır. Bu mövqeni aşağıdakı şeir parçası olduqca dəqiq ifadə edir:

Həyat bir evdirsə, övlad işıqdır,

Oğul arxadırsa, qız yaraşıqdır.

Mehriban xanım Əliyeva və Nərgiz xanım Paşayeva öz fəaliyyətləri ilə sübut etmişdirlər ki, milli düşüncədə xanıma ayrılan gözəllik, zəriflik, dəyəri ilə nəinki bir ailəyə, bir elə, bir obaya, bütöv bir xalqa arxa, dayaq olmaq dəyərini vəhdətdə birləşdirmək mümkündür.

Vaxtilə dahi şair yazırdı:

Cahanda hansı sərvət təsadüf etsə mənə,

Səcdə etməkdəyəm yalnız elmi-ürfanə.

Fəqət budur şöhrətim, izzətim, cənnətim mənim,

Həyatda ən böyük məqsədim mənim!

Akademik Arif Paşayevin ömür yolu elmə, ürfana, mədəniyyətə, əxlaqa səcdənin ən böyük nümunələrindən biridir. Belə bir fasiləsiz və səmimi “ibadətin” nəticəsidir ki, bu dəyərlər onun şəxsiyyətini öz mənəvi səmasının ucalıqlarına qaldırmışdır. Bu mənəvi ucalığın zirvəsinə yüksəlmiş Arif Mir Cəlal oğlu Paşayev bu günlərdə fiziki ömrün də 85 illik zirvə məqamına qədəm qoyur. Belə bir əlamətdar gündə Arif Paşayevi elmi ictimaiyyət adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, onun bu yubileyi intellektdən, zəhmətdən, həmçinin vətən və xalq sevgisindən yoğrulmuş elmi, pedaqoji və ictimai fəaliyyətinin yeni, daha parlaq və məhsuldar mərhələsinin başlanğıcı, növbəti zirvələrə doğru uçuşun start məqamı olsun!

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

akademik Akif Əlizadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti