...

Elmar Məmmədyarov Hindistanın yeni səfiri ilə görüşüb

Siyasət Materials 7 Mart 2019 18:34 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən nazir E.Məmmədyarov Hindistan şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.

Eyni zamanda, tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər və bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüş zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti