...

“France 2” telekanalı Azərbaycan İlahiyyat İnstitutunda (FOTO)

Siyasət Materials 28 Noyabr 2019 20:14 (UTC +04:00)
“France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupu Azərbaycan İlahiyyat İnstitutunun qonağı olub.
“France 2” telekanalı Azərbaycan İlahiyyat İnstitutunda (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupu Azərbaycan İlahiyyat İnstitutunun qonağı olub.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov “France 2” telekanalına müsahibə zamanı ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.

Bildirib ki, İnstitut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. Aİİ-nin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edən İnstitut rəhbəri ali təhsil müəssisəsində təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. İnstitutda mövcud ixtisaslar barədə danışan C.Məmmədov gələcəkdə Xristianlıq və Yəhudiliklə bağlı ixtisasların da açılmasını nəzərdə tutduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, İnstitutda dərin dini və dünyəvi biliklərə malik, zəngin dünyagörüşlü, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan, yüksək dil biliklərinə sahib mütəxəssislərin hazırlanması əsas məqsədlərdən biridir.

C.Məmmədov ali təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində təşkil olunması ilə yanaşı, Avropanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmağın da əhəmiyyətinə diqqət çəkib.

Aİİ rektoru daha sonra ölkəmizdə mövcud olan tolerant və multikultural mühit barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri birlikdə hörmətlə yaşayırlar. Dünyanın terrordan, radikalizmdən və ekstremizmdən əziyyət çəkdiyini qeyd edən rektor ölkəmizin də bu bəlaya məruz qaldığını, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyini nəzərə çatdırıb.

Boualem Guerıtlı “İslam Azərbaycanda” verilişinin çəkilməsində məqsədin ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərini, birgəyaşayış, multikulturalizm və tolerantlıq ənənələrini dünyaya nümayiş etdirmək olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti