...

Adil Əliyev: Həmişə seçicinin yanında olmuşam (FOTO)

Siyasət Materials 7 Fevral 2020 18:13 (UTC +04:00)
Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev müsahibə verib.
Adil Əliyev: Həmişə seçicinin yanında olmuşam (FOTO)

Bakı. Trend:

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev müsahibə verib.

Trend həmin müsahibəni təqdim edir:

- Seçkiqabağı təşviqat kampaniyası necə keçdi?

- Seçkiqabağı təşviqat kampaniyası yüksək səviyyədə keçirildi. Seçicilərlə 5 böyük görüş təşkil edildi, bundan əlavə, çoxsaylı fərdi görüşlərimiz da olub. Hər gün yüzlərlə insan seçki qərargahına müraciət edib, problemlərini, təkliflərini səsləndirib. Biz də həmin məsələlərin həlli üçün əvvəlki kimi çalışacağımıza söz vermişik. Nümayəndələrim ərazidə çox ciddi iş aparıb. Bu seçki dairəsinin 33 məntəqəsi var, bunların hər birində nümayəndə var, təbliğat işini aparırlar. Yəni seçki dairəsinin əhatə etdiyi ərazidən tam məlumatlıyam. Nəzərə almaq lazımdır ki, mən 15 ildir, 20 saylı Nərimanov ikinci seçki dairəsinin deputatıyam. Burada 43 min seçici var, bunların hamısı Adil Əliyevi dəstəkləyə bilməz. Bu, təbii haldır. Amma tam əminliklə deyirəm ki, səsvermədə iştirak edən insanların mütləq əksəriyyəti məni dəstəkləyir. Növbədənkənar parlament seçkilərinin maraqlı tərəfi kifayət qədər aktiv namizədlərin olmasıdır. Prezident İlham Əliyevin çağırışından sonra gənclər önə çıxdılar. Baxın, xeyli sayda gənc deputatlığa namizədliyini irəli sürüb. Doğrusu, bu seçki dairəsində özümə rəqib hesab etdiyim namizəd yoxdur. Bir daha qeyd edirəm, 15 ildir, bu seçki dairəsinin deputatıyam, ona görə də insanlar məni yaxşı tanıyır. İnanın, imzatoplama kampaniyasında insanlar özləri qərargaha gəlib imza verirdilər. Hətta bəzən seçicilər deyirdilər ki, digər namizəd olmaq istəyənlər də imza toplayırlar, deyirdim, 1 nəfər 5 nəfərə imza verə bilər, imzalarınızı verin, onlar da namizəd olsunlar. Seçici bir neçə şəxsə imza verə bilər, amma bir nəfərə səs verməlidir. Əsas da səsvermə günüdür. Güclü rəqibim olmadığı üçün mənim üçün çox rahatdır. Əsas odur ki, səsvermə günü seçici fəallığı müşahidə olunsun. Ümid edirəm, 20 saylı Nərimanov ikinci seçki dairəsi bu dəfə də yüksək seçici fəallığı ilə fərqlənəcək.

- Seçicilərin tələbləri daha çox hansı məsələlərlə bağlı idi?

- Seçicilərin böyük tələbləri yoxdur. Təbii ki, xırda problemlər var, onların da həlli asandır. Sadəcə, maraqlı məqam odur ki, seçicilər 5 il müddətində hər hansı problemlə bağlı müraciət etmirlər, təşviqat kampaniyası başlayan kimi hamısı problemini səsləndirir. Görüşlərimdə də demişəm, müraciəti ötən 5 ildə səsləndirməniz daha yaxşı olardı. Axı mən problemin həllinə biganə yanaşan insan deyiləm. Doğrudur, bəzi hallarda elə problemlər olur, etiraf edirəm ki, mənim həll edəcəyim məsələ deyil. Amma buna baxmayaraq əlimdən nə gəlirsə, edirəm. Elə bir seçici yoxdur, müraciətinə baxılmasın. Biz bu məsələdə çox diqqətliyik.

- Deputat seçilsəniz, fəaliyyət istiqamətinizdə hansı meyarlar əsas olacaq?

- İndiyə qədər nəyi bacarmışamsa, etmişəm. Daim seçicilərin problemlərinin həllinə çalışmışam. Qərargahım həmişə seçicilərin üzünə açıq olub. Onların zənglərinə şəxsən cavab vermişəm. Bundan sonra da belə işləyəcəm. Düşünürəm, ötən müddət ərzində məhsuldar fəaliyyətimiz olub. Bunu seçicilər də yüksək qiymətləndirir.

- Seçicilər deputatlığa namizədlərə daha çox “Uşaqpulu” və digər sosial yardımlarla bağlı təkliflər verirlər...

- Bu məsələlərlə bağlı, demək olar, bütün deputatlara müraciət olunur. Bu təkliflər zaman-zaman müzakirə olunur. Bu məsələlərin həlli ilə bağlı tez-tez çağırış etməklə nəyə nail olacağıq ki? Dövlət bu istiqamətdə addımlar atır, əmək haqqı, təqaüdlər, pensiyalar və müavinətlər artırılır. Yəqin ki, gələcəkdə “uşaqpulu” ilə bağlı bir mexanizm hazırlanacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə, o cümlədən sosial sahədə islahatlar aparılır. Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri sosial sahədir. Ölkə rəhbərliyi çalışır ki, insanların sosial rifah halı yaxşılaşsın. Dövlət vətəndaşını niyə müdafiə etməsin ki? Dövlət başçısı və onun komandası əhalinin yaxşı yaşaması üçün çalışırlar. Deputatlar da bu istiqamətdə təkliflərlə çıxış edirlər.

- V çağırış Milli Məclis deputatlarının yenidən seçkilərə qatılması birmənalı qarşılanmadı. Sizə belə bir irad bildirən olubmu?

- Ciddi narazılıqla qarşılaşmamışam. Milli Məclis seçkili orqandır, icraedici orqan deyil. Deputat seçilmək üçün yaş məhdudiyyəti yoxdur. Yəni Azərbaycanın səsvermə hüquqi olan hər bir vətəndaşı namizədliyini irəli sürə bilər. Seçimi insanlar edir, onlar 90 yaşında namizədi də deputat seçə bilərlər. İnsanların seçiminə hörmətlə yanaşmaq lazımdır. Elə deputatlar var ki, dövlətin həyata keçirdiyi siyasətin tən ortasındadırlar. Seçicilər də bilirlər ki, həmin deputatlara ehtiyac var. Qanunverici və icraedici orqanda təmsil olunmaq məsuliyyətli işdir. Dünyanın ən qabaqcıl ölkələrinin universitetlərini bitirmiş gənclər belə bu işləri görə bilməzlər, onlar təcrübə toplamalıdırlar. Nəzərə almaq lazımdır ki, bəzi deputatların 15-20 il iş təcrübəsi var. Doğrudur, gənclərə ehtiyac var, amma Milli Məclisi bütövlükdə gəncləşdirmək mümkün deyil. Dövlət idarəçiliyi, kadrların seçilməsi ciddi məsələdir.

- Seçicilərə nə demək istərdiniz?

- İnsanlar diqqətli olmalıdırlar, hər hansı çatışmazlığa görə dövləti ayaq altına atmaq olmaz. Hər kəs dövlətinə, xalqına dəyər verməlidir. Sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında kimsə hansısa yalanı yazır, bəziləri də onu tirajlayır. Maraqlanmırlar ki, yazılan nə dərəcədə həqiqətdir... Seçicilər yalanlara uymamalıdır. İddia edirlər, deputatlar yalnız özlərini düşünürlər, ciblərini doldururlar. Bu yanaşma düzgün deyil. Milli Məclisdə pul qazanmaq necə olur? Bilən varsa, desin, öyrənək... Deputat olaraq belə şeylərdən xəbərim yoxdur. Hər bir iddia fakta əsaslanmalıdır. Ümumi fikirlərlə deputatları ittiham etmək olmaz. Deputat maaşım, demək olar, yardımlara sərf olunur. Mənə seçicim olmayanlar da müraciət edir, onların da problemini həll etməyə çalışıram. İnanın, yanlış danışanların özləri də bilirlər ki, haqsızdırlar. Seçicilərdən xahişim odur ki, seçkilərdə aktiv iştirak etsinlər, səslərinə sahib çıxsınlar. Hər kəs ölkənin ictimai-siyasi həyatında fəallıq göstərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti