Bakı. Trend:
67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun rayonun Fərzili kəndində şəhid Kərimov Niyaməddin Sənami oğlunun ailələ üzvləri ilə görüşü olub.
Trend-in məlumatına görə, görüşdə çıxış edən şəhid atası Sənami Məmmədov ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısı üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər və onlara ayrılan təqaüd və sosial müavinətlərdən razılıqlarını ifadə etdilər. YAP namizədinə arzu və istəklərini, onları narahat edən sosial-məişət problemlərinin həlli istiqamətindəki təkliflərini bildirən şəhid ailəsi üzvləri Malik Həsənova qarşıdan gələn parlament seçkilərində uğurlar arzu etdilər. Vurğulandı ki, şəhid ailə üzvləri 9 fevral günü seçki məntəqələrinə gələcək və hamılıqla Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər.
Şəhid ailəsi ilə bugünkü görüşdən son dərəcə məmnun olduğunu xüsusi qeyd edən YAP-ın namizədi Malik Həsənov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və məhəbbətlə yad edərək bildirdi ki, biz bugünkü firavan və rahat həyat şəraitimiz, müstəqil dövlətçiliyimiz üçün qəhrəman şəhidlərimizə minnətdar olmalı, onların əbədiyaşar xatirəsini əziz tutmalı, şəhid ailələrinə daim ən yüksək diqqət və qayğıyla yanaşmalı və onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.