Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan əhalinin COVID-19 - koronavirusdan qorunması məqsədi ilə ciddi addımlar atıb.
Trend-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov “Koronavirus epidemiyası Rusiyanın Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərini necə dəyişəcək?” mövzusunda keçirilən onlayn konfrans zamanı deyib.
O bildirib ki, Azərbaycan da digər ölkələr kimi karantin rejimi tətbiq edib:
“Amma bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu fonda bu günədək daxil olan vəsait 90 milyon manatı ötüb. Bundan başqa, dövlət milli iqtisadiyyatın dəstəklənməsi üçün 1 milyard manat ayırıb. Sosial xarakterli digər tədbirlər də görülüb. Məsələn, vətəndaşlar 4, 5 ulduzlu hotellərdə karantinə yerləşdirilib, virusla mübarizəyə cəlb olunan həkimlər əməkhaqqına əlavələr alır”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə toxunan S.Markov bildirib ki, koronavirus epidemiyası başa çatandan sonra nizamlanma məsələsində irəliləyiş imkanları yarana bilər:
“Bu, onunla əlaqədardır ki, Ermənistan iqtisadiyyatına vurulan zərbə ilə bağlı sərhədlərin açılmasına ehtiyac duya bilər”.