Bakı. İlhamə İsabalayeva - Trend:
Hesab edirəm ki, bundan sonra da korrupsioner məmurlara qarşı amansız tədbirlər davam etdiriləcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, korrupsioner məmurlara qarşı tədbirlər davam etdirilməlidir. Bir neçə şəxs özünün çirkin əməli ilə dövlət hakimiyyətini gözdən sala bilməz:
"Son aylar ərzində bir neçə rayonun icra başçısının həbs edilməsi bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz qəti iradə ortaya qoyub. Bu iradə ondan ibarətdir ki, dövlət və hökumət qurumlarında işləyən şəxslər şəffaf olmalı, dövlətə ləyaqətlə xidmət etməli, korrupsiya çirkabına bulaşmamalıdırlar. Azərbaycan cəmiyyətində korrupsiyaya yer olmamalıdır. Vəzifə tutan şəxslər bilməlidirlər ki, dövlətin malını yemək, büdcəni talamaq olmaz. Bu vəsaitlər büdcəyə böyük zəhmət hesabına toplanır. Zəhmətlə toplanan büdcəni talayanların aqibəti belə olmalıdır. Kim düşünür ki, korrupsiya əməlinə qurşanacaq, sonra əməlinə görə cavab verməyəcək, həmin şəxslər yanılırlar".
Hamının qanun qarşısında bərabər olduğunu deyən M.Qasımlı əlavə edib ki, dövlət həmin şəxslərə böyük etimad göstərərək onları yüksək vəzifələrə təyin edib. Vəzifədə olan şəxslər dövlətin pulunu yeməyin mümkün olmadığını bilməlidirlər:
"Həmin vəzifələri tutana qədər onları heç kim tanımırdı, vəzifələrinin hesabına tanındılar. Hesab edirəm ki, bundan sonra da korrupsioner məmurlara qarşı amansız tədbirlər davam etdiriləcək. Ölkəmizdə qanunun aliliyi təmin edilməlidir. Vəzifəsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabər səviyyədə cavab verməlidir".