...

Sədaqət Vəliyeva: Azərbaycan koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir

Siyasət Materials 5 May 2020 11:17 (UTC +04:00)
Sədaqət Vəliyeva: Azərbaycan koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə aprel ayının 10-da Türk Şurasının Zirvə görüşünün keçirilməsindən sonra 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünün təşkil edilməsi onu isbatlayır ki, Azərbaycan beynəlxalq arenada COVİD-19 pandemiyasına qarşı mübarizədə ölkələrin həmrəyliyinin gücləndirilməsi və qarşılıqlı dəstəyin verilməsi prinsiplərini rəhbər tutur.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Bu səbəbdən də yeni vəziyyətə çevik və adekvat reaksiya verən Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bütün üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib: “Sirr deyil ki, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir və təsadüfi deyil ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Bu vəsait isə Azərbaycanla razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Azərbaycan həkimlərinin peşəkarlıqlarını, koronavirus xəstələrinin müalicəsi sahəsində təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa da hazır olduğunu nümayiş etdirir. Deyilən məqamlar bir daha onu sübut edir ki, Azərbaycan qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.

“Zirvə görüşündə ifadə edilən qlobal həmrəylik çağırışı da olduqca mühümdür” – deyən S.Vəliyeva əlavə edib ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşü bu bəlaya qarşı dövlətlərin həmrəyliyi və əməkdaşlığı baxımından çox əhəmiyyətlidir: “Görünən odur ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti