...

Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır

Siyasət Materials 13 İyul 2020 10:48 (UTC +04:00)
Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır
Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır

Bakı. Elçin Mehdiyev – Trend:

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir. Bunu Trend-ə siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, hazırda işğalçı Ermənistanda sosial-iqtisadi və demoqrafik böhran, son illərdə baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur:

“Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər bağlanır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Ermənistan rəhbərliyi artıq ölkədə bütün sosial dayaqlarını itirib. Bu baxımdan Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır”.

E.Əhmədov bildirib ki, Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur: “Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməlidir. Əks təqdirdə onların tərəfsiz vasitəçiliyi şübhə altındadır.

Azərbaycan Prezidenti son müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq.

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa etdərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəklədiyini bütün dünyaya bəyan edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti