...

Ermənistan rəhbərliyi müharibə cinayətlərinin hamısını törədib - Vəkil

Siyasət Materials 18 İyul 2020 13:42 (UTC +04:00)
Ermənistan rəhbərliyi müharibə cinayətlərinin hamısını törədib - Vəkil

Bakı. Samir Əli - Trend:

Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törətməklə beynəlxalq konvensiyaları bir daha kobud şəkildə pozdu.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, vəkil Vüqar Babayev deyib.

V.Babayev qeyd edib ki, mülki əhaliyə atəş açan düşmən heç bir həqiqətə sığmayan cinayətlərə əl atmaqdadır: "Bildiymiz kimi, son günlər Ermənistan Respublikası Tovuz rayonu istiqamətindən dövlət sərhədimizi və atəşkəs rejimini kobud şəkildə pozaraq silahlı eskalasiyaya başlayıb. Nəticədə hərbçilərlə yanaşı, mülki əhalidən də öldürülənlər və yaralananlar olub, mülki obyektlər, evlər dağıdılıb, hətta Tovuz rayon Xəstəxanası da hədəfə alınıb. Bu onu göstərir ki, təcavüzkar Ermənistanın cinayətkar rəhbərliyi öz çirkin məqsədlərinə çatmaq üçün mülki əhalini öldürməkdən, mülki obyektləri dağıtmaqdan belə çəkinmir. Ermənistan rəhbərliyini ona görə cinayətkar adlandırmaq olar ki, onlar Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş müharibə cinayətlərinin demək olar ki, hamısını törədiblər. Burada silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı hərəkətsizlik etmə və cinayətkar əmr vermə cinayətlərinin birbaşa tərkibi mövcuddur. Çünki mülki əhaliyə birbaşa hücum əmri vermək, onların öldürülməsinə səbəb olmaq xüsusilə ağır cinayətdir. Eyni zamanda Azərbaycan və Ermənistanın tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalar da Ermənistan tərəfindən kobud şəkildə pozulub. Tovuz rayon Mərkəzi Xəstəxanası birbaşa Cenevrə Konvensiyası ilə mühafizə olunan humanitar obyektdir. Ora artilleriya ilə hücum cəhdi əsas verir ki, Ermənistan dövlətinə qarşı ən sərt beynəlxalq sanksiyalar tətbiq edilsin və onlar Beynəlxalq Tribunallarda mühakimə olunsunlar. Bu hadisələr zamanı "Quru müharibəsinin qanun və adətləri haqqında" 1907-ci il Konvensiyasının, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" 1949-cu il Konvensiyasının tələbləri da kobud şəkildə pozulub".

Vəkil bildirib ki, Ermənistan dövlətinin əsas siyasəti terror və müharibə cinayətləri törətməklə özünün əsassız iddialarının təmin edilməsinə nail olmaqdır: "Son günlər sərhəddə baş verənlər onu göstərir ki, Ermənistanın indiki və keçmiş hakimiyyətində təmsil olunan şəxslərin təfəkkürü hərbi cinayətkar və terrorçu təfəkkürüdür. Buna misal olaraq Azərbaycan Respublikasının və ona bitişik rayonların işğalı, Xocalıda və digər yaşayış məntəqələrində Azərbaycan vətəndaşlarının soyqırımı, mülki əhalinin zorakılığa məruz qalması, əmlaklarının quldurcasına talanması, hərbi əsirlərlə vəhşicəsinə rəftar, onların öldürülməsi, Azərbaycan Respublikası ərazisində terror aktları kimi qatı cinayətlərin törədilməsi üçün əmrlər birbaşa Ermənistan Respublikasının rəhbərliyi tərəfindən verilib. Bu hallarla bağlı başlanmış cinayət işləri üzrə aparılan ibtidai istintaq zamanı bu faktlar tam sübuta yetirilib. Əminəm ki, bu cür ağır cinayət törətmiş şəxslər yaxın zamanlarda beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti