...

Prezident İlham Əliyev: Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur

Siyasət Materials 6 Avqust 2020 16:44 (UTC +04:00)
Prezident İlham Əliyev: Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur

Bakı. Trend:

Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən yenə də qeyd etmək istəyirəm ki, bizim bu sahədə itkilərimiz var. Ancaq bu itkilər daha genişmiqyaslı ola bilərdi. Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.

Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti