...

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin siyasəti dünya diplomatiya tarixinə yazılan açıq və milli maraqlara əsaslanan siyasət nümunəsidir

Siyasət Materials 4 Sentyabr 2020 16:59 (UTC +04:00)
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin siyasəti dünya diplomatiya tarixinə yazılan açıq və milli maraqlara əsaslanan siyasət nümunəsidir

Bakı. Trend:

Dünya miqyasında «açıq qapı» siyasəti həyata keçirən Azərbaycanın istər ikili, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında və müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsində söykəndiyi prinsiplər dəyişməzdir. Milli maraqları atdığı hər addımında öndə saxlayan dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək heç bir dövlətin daxili işinə qarışmır, eyni zamanda, ölkəmizin daxili işinə müdaxiləni yolverilməz hesab edir. Bu günlərdə Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən iki ölkənin münasibətlərindəki bir sıra məqamları önə çəkərək ölkəmizin milli maraqlarını qətiyyətlə ifadə etmiş, rəsmi Afinadan gözləntiləri diqqətə çatdırmışdır: «Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.
V.Rəhimzadə vurğulayıb ki, ixtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən möhtərəm Prezidentimiz İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən öndə olan məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. Əməkdaşlığımıza mənfi təsir göstərən məsələlərə diqqət yönəldən cənab İlham Əliyev iqtisadi mövzuda iki ölkə hökuməti arasında yaranan anlaşılmazlıqlardan bəhs edərək «Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır» söyləməklə Yunanıstan hakimiyyətinin Ermənistanla hərbi sahədə əməkdaşlığından Azərbaycanın narahatlığını şərtləndirən amilləri diqqətə çatdırmışdır: "Ermənistanın işğalçılıq siyasəti ucbatından 30 ildən artıqdır ki, 20 faiz torpağımız işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. XX əsrin ən dəhşətli faciəsi kimi dəyərləndirilən Xocalı soyqırımı törədilib. Hər zaman qeyd olunduğu kimi, işğalçıya dəstək olmaq, işğalçılıq siyasətini dəstəkləmək kimi qəbul olunmalıdır. İllərdir Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması, təxribatlarını davamlı şəkildə həyata keçirməsi, işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin edilməsi, həmçinin bu ərazilərdə süni məskunlaşdırma siyasətinin aparılması təbii ki, işğalçıya belə dəstəklərdən irəli gəlir. Bu dəstəklər, hərbi əməkdaşlıqlar davam etdirildikcə ədalət meyarı maraqların arxasında çökür, işğalçı dövlətdə arxayınlıq yaranmaqla yanaşı, münaqişənin həllində maraqlı olmamaq işartıları daha aydın nəzərə çarpır. Son təxribatlar da deyilənlərin təsdiqidir".

"Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etmiş, əzm və iradə göstərmişdir" söyləyən baş redaktor dövlətimizin başçısı İlham Əliyevin səfirə bu xatırlatma ilə «Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb» mesajına da diqqəti yönəldib. Təbii ki, işğalçı özünə dəstək görəndə əməlinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu dərk etsə belə, yenə də işğalçılıq siyasətindən əl çəkməyəcək.

V.Rəhimzadə vurğulayıb ki, möhtərəm Prezidentimiz əməkdaşlıqda narazılıq yaradan digər məsələdən – Şərqi Aralıq dənizi regionunda Yunanıstan və Türkiyə arasında hazırda davam edən gərginlikdən bəhs edərək açıq mövqeyini nümayiş etdirdi: "Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında olduğunu bildirir və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirdi. Dövlətimizin başçısı bir daha bildirdi ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik. Bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir".

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir. Məhz xarici siyasətimizin düzgün müəyyənləşdirilən prinsiplərinin nəticəsidir ki, ötən il VII Qlobal Bakı Forumunda 55 ölkədən 500-dən çox nümayəndənin iştirakı ilə dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə edildi. Dövlətimizin başçısı həmin forumda bir daha bu mesajı dünyaya ünvanlamışdır: "Biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti