Bakı. Trend:
Aralıq dənizi hər zaman sivilizasiyanın beşiyi, mədəni və iqtisadi baxımından qarşılıqlı təsir hövzəsi olub. Bu coğrafiyada hamımızın keçmişi, bu günü və gələcəyi ayrılmaz şəkildə bir-birinə bağlıdır. Türkiyə və Yunanıstan hər zaman yalnız iki seçim qarşısında qalmışlar: hər iki tərəfə də zərər verə biləcək şəkildə bir-birimizlə mübahisə etmək və ya qələbə qazanma düsturunu tapmaq.
Trend-in məlumatına görə, bu fikirlər Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun “Kathimerini” qəzetində dərc olunan “Şərqi Aralıq dənizində prioritetimiz ön şərt olmadan diplomatiyadır” başlıqlı məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, “Daimi qonşu” məntiqi təbii olaraq qonşuların bir-birinin hüquqlarına qarşılıqlı hörmət etməsini tələb edir. Bu günlərdə qarşılaşdıqlarımız nəzərə alındıqda təəssüf ki, Türkiyədən baxdıqda vəziyyət belə görünmür:
"Qeyd etdiyim qarşılıqlı hörmət bütün mövcud problemləri və ya həll olunmamış münaqişələri sülh və dialoq yolu ilə həll etməyə yönəlmiş məsuliyyət hissi formasında özünü göstərməlidir. Bu düşüncə ilə qonşular vəziyyəti gərginləşdirmək deyil, xoş niyyətli və mübahisələri həqiqətən həll etmək məqsədilə birbaşa diplomatiya və dialoq axtarışında olmalıdırlar.
Son zamanlarda Fransa kimi bəzi hökumətlər müstəmləkəçi keçmişlərindən ilham alan təhlükəli mövqe nümayiş etdirirlər. Müstəmləkəçilik dövrünün bir çox xalqlara böyük əzabdan başqa bir şey gətirmədiyini həqiqətən bu qədər tezmi unutduq?
Böyük paytaxt şəhərlərindən əfəndilərin öz iradələrini ətraflarındakı bölgələrə məcburi şəkildə qəbul etdirdiyi davranış tərzlərinin məqbul hesab edildiyi günlər keçmişdə qalıb. Cənab Prezidentimiz daha ədalətli beynəlxalq nizamın qurulması məqsədilə “Dünyanın Beşdən Böyük” olduğunu müdafiə edir. Eleftherios Venizelos tərəfindən Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada sülh” sözləri ilə müəyyən etdiyi hədəfə xidmət edəcək şəkildə hakim olmasını arzu etdiyimiz dəyərlərin və bunları həyata keçirmək üçün sərgilədiyimiz yorulmazlıq və yaradıcılığı xüsusi qeyd etmək məqsədi ilə xarici siyasətimizi “Təşəbbüskar və Humanitar” olaraq xarakterizə etdik. Bu səbəbdən də qarşılıqlı hörmət və problemlərin ədalətli həll yollarının tapılması prinsiplərini xüsusi qeyd edirik.
Buna görə də əsasən Türkiyə ilə Yunanıstan arasında hal-hazırda mövcud olan ikitərəfli mexanizmləri yenidən canlandırmaq məqsədi ilə NATO-nun ayırma və Almaniyanın gərginliyi azaltma təşəbbüslərini dəstəkləyirik. Afinanın bunların iki fərqli şey olduğunu başa düşəcəyinə ümid edirik. Türkiyə, iki qonşu arasında birbaşa həll edilməli olan məsələlərdə digər tərəflərlə müzakirə aparmaq və razılığa gəlmək istəməyəcək qədər Yunanıstana hörmət edir.
Şərqi Aralıq dənizindəki əsas hədəflərimiz aydındır:
dəniz sərhədlərininin ədalətli və hüquqi əsaslarla müəyyənləşdirilməsi;
şelf hüquqlarımızın maksimalist və ifrat dərəcədə dəniz sərhəddi iddialarından qorunması;
ədalətli gəlir bölgüsü mexanizminin yaradılması ilə Kipr türklərinin adanın açıq dənizdəki təbii sərvətləri üzərindəki bərabər hüquqlarının qorunması;
Kipr türkləri də daxil olmaqla bütün tərəflərin iştirakı ilə həqiqi, əhatəli, ədalətli və hüquqa əsaslanan açıq dəniz enerji əməkdaşlığı mexanizmlərinin (bu konteksdəki təkliflər hələ də müzakirə masasındadır) Şərqi Aralıq dənizində yaradılması.
Dəniz sərhədlərinin müəyyənləşdirilməsində heç bir səlahiyyətə sahib olmayan Avropa İttifaqı vasitəsilə Türkiyəyə bir sıra maksimalist iddialar qəbul etdirilə bilməz. Türkiyədən yalnız 2 kilometr, yunan quru ərazisindən 580 kilometr uzaqda olan Meis (əvvəlki adı ilə Kastellorizo) kimi kiçik bir ada üçün 40 min kvadrat kilometr şelf iddiası irəli sürərək Türkiyənin açıq dənizlərə və özünə aid dəniz səlahiyyətli sahələrinə çıxışının qarşısını ala bilməzsiniz. Heç bir qanun, məntiq və ya ədalət hissi bu məsələdə əks arqumentin irəli sürülməsinə imkan verməz.
Bundan əlavə, bölgənin ən uzun sahil zolağı, artan əhalisi, istehsal gücü və enerji tələbatı olan Türkiyə kimi bir ölkəni öz ətafındakı zənginliklərdən məhrum etmə təşəbbüsləri də real deyil. Bundan əvvəl də dəfələrlə qeyd etdiyimiz kimi bu olmayacaq.
Buna görə də Türkiyə təbii olaraq onun əsas mənafelərinə zərər vurma cəhdlərinə yol verməməkdə qətiyyət nümayiş etdirir. Bölgədəki hərbi dəniz qüvvələrimizi hücum məqsədli deyil, öz şelfimizdəki (bu, hələ 16 il əvvəl beynəlxalq hüquq normalarına uyğun olaraq elan edilmişdi!) seysmik tədqiqat fəaliyyətlərimizə müdaxiləyə qarşı özümüzü müdafiə etmək üçün saxlayırıq.
Əsasən, dialoq və danışıqlar beynəlxalq hüquqda dəniz sərhəd məsələlərini həll etmək üçün prioritet və ilkin vasitədir. Beləliklə, Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını heç bir ön şərt irəli sürmədən yenidən canlandırmasını gözləyirik. Ön şərtlər əks-ön şərtləri yaradır (inanın ki, biz də öz mənafeyimizə uyğun çox sayıda ön şərtlər irəli sürə bilərik) və buna görə də, iki qonşu arasında müzakirə imkanı axtarmaq üçün məqbul yol deyil.
Hər böhran eyni zamanda fürsət yarada bilər və biz sülh yolu ilə irəliləmək üçün bunu dəyərləndirməliyik. Aydındır ki, hər hansı bir müzakirə prosesi qarşılıqlı mübadiləyə yol açır. Digər bir variant isə problemleri ört-basdır etmək və aradan qalxmasını və ya başqalarının bunları sizin yerinizə həll edəcəyinə ümid etməkdir. Bununla birlikdə, problemlər zaman keçdikcə nəinki öz-özünə yox olur, əksinə daha da mürəkkəbləşməyə meyillənir. Gələcək nəsillərə sülh və təhlükəsizliyi miras qoymaq üçün güclü, təsirli və rasional liderliyə ehtiyacı duyuruq. Bu, Türkiyə tərəfində mövcuddur. Bu gün gördüyümüz işlər yalnız bu günü deyil, sabahı da müəyyənləşdirəcək. Sizlər də çox yaxşı bilirsiniz ki, Türkiyə Yunanıstanın prioritet hesab edəcəyi yolla irəliləyə bilər. Əslində hansı yoldan gedəcəyimizə dair seçim, nə Türkiyənin, nə Fransanın, nə də başqalarının deyil, Yunanıstanın hörmətli liderlərinin və xalqınındır".