Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə, Azərbaycan diplomatiyası isə masada faktiki olaraq bir neçə il öncə heç kimin ağlına gətirmədiyini, inanılmaz olanı reallığa çevirdi.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-u Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqlanan bəyanatı Ermənistanın döyüş meydanında darmadağın olunduğunun etirafı hesab edilə bilər. Azərbaycan Prezidenti İham Əliyev yaranmış beynəlxalq və regional siyasi şəraiti müdrik şəkildə qiymətləndirərək münaqişənin hərbi-siyasi həllini təmin etdi.
E.Kəlbizadə qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın, qondarma qurumun terrorçubaşı, hərbi cani Arayik Arutyunyanın sosial şəbəkələr vasitəsi ilə etirafları Azərbaycan ordusunun döyüş meydanında işğalçı Ermənistan ordusunu, ictimai-siyasi, sosial və iqtisadi sferalarda isə Ermənistanı diz üstünə çökdürdüyünü göstərir.
Tarixçi bildirib ki, Azərbaycan nəinki beynəlxalq hüquqi səviyyədə tanınan ərazi bütövlüyünün həllinə, həmçinin Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsi arasında Zəngəzurdan keçməklə keçidin təmin olunmasına nail olur. Dekabrın 1-ə qədər strateji əhəmiyyətli üç rayonun Azərbaycana təslim edilməsi, həm də Azərbaycan Respublikasının vətəndaşlarının, ordumuzdakı əsgər və zabitlərin, hərbi gücümüzün qorunmasına hesablanıb:
"Bəyanatda əksini tapmış digər detallara gəlincə, bunlar uzunmüddətli qanlı münaqişələrin həlli üçün zəruridir. Bəyanatda diqqət yetirsək görərik ki, burada Dağlıq Qarabağın sülhməramlıların müvəqqəti olaraq yerləşdirildiyi hissəsindən təkcə Ermənistan Respublikasının hərbi qüvvələrinin deyil, ümumilikdə “erməni hərbi qüvvələrinin” çıxarılması nəzərdə tutulur. Bu, o deməkdir ki, Azərbaycan ərazisi bütün leqal və qeyri-leqal erməni hərbiləşmiş dəstələrindən təmizlənməlidir. Digər tərəfdən bəyanatda əksini tapan müddəalar sülhməramlı kontingentin yerləşdiriləcəyi bölgədə paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin hissə və bölmələrinin yerləşdirilməsini istisna etmir. Azərbaycan bu hüququ özündə saxlayır. Bəyanatın yeddinci bənddəki “daxili məcburi köçkünlər” ifadəsi bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsdiq edildiyini təsdiqləyir. İndi əsas məsələ Millətimizin bu möhtəşəm qələbənin bəhrəsini görməsi üçün milli birliyimizin qorunması, düşmənin bəyanatda əksini tapmış və razılaşdırılmış ən son nüansları yerinə yetirməsinə qədər Millət-Dövlət olaraq ayıq-sayıq olmamız və əzmimizi qorumağımızdır. Ermənistan isə başının dəmir yumruq altında əzilməsindən nəticə çıxarmalı, ona böyük bir lütf olan bu bəyanatı və əldə edilən razılaşmaların öz üzərinə düşən qismini təmin etməlidir. Əks halda ölkə Prezidentinin "bizi heç kəs dayandıra bilməz" bəyanatı xatırladılacaq və Azərbaycan Ordusunun yenidən əməli fəaliyyətə keçməsi zərurət yaranacaq".