...

Şuşanı erməni terrorçuları kimi "Şuşi" adlandıran Fransa beynəlxalq hüququ pozur - Politoloq

Siyasət Materials 10 Noyabr 2020 15:48 (UTC +04:00)
Şuşanı erməni terrorçuları kimi "Şuşi" adlandıran Fransa beynəlxalq hüququ pozur - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Fransa Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağla bağlı verdiyi son bəyanatında Azərbaycanın qədim şəhəri olan Şuşanı erməni terrorçuları kimi "Şuşi" adlandırması bu ölkə üçün bir ayıbdır. Hesab edirəm ki, Fransa bunu etməklə bir dövlət kimi beynəlxalq hüquq və normaları, etik davranış qaydalarını pozub.

Bunu Trend-ə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun düşmən üzərində qazandığı qələbələri Ermənistan kimi Fransa və bəzi ölkələr həzm edə bilmirlər.

Politoloqun fikrincə, Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxmaq haqqı var:

"Prezidentin Fransa ilə bağlı tənqidi fikirlərindən Makron və onun kimilər ciddi şəkildə dərsini almalıdır. Prezidentimiz tamamilə haqlı olaraq bildirib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatlarına qarşı əks-hücuma keçib, öz ərazimizdə təxribatların qarşısını almaq üçün hərbi əməliyyatlara başlayıb və qələbələr əldə edib. Amma 27 sentyabrdan bəri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın, onun Prezidentinin tutduğu mövqe tamamilə qərəzli və yanlış oldu. Xüsusilə, Makron bu dövr ərzində verdiyi bütün açıqlamalarında, birmənalı şəkildə, qərəzli mövqe nümayiş etdirib və burada heç bir obyektivlikdən söhbət gedə bilməz".

F.Ələkbərli qeyd edib ki, bir çox hallarda Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları Ermənistanın baş naziri Paşinyanın mövqeyindən heç nə ilə fərqlənmədi:

"Hətta deyərdim ki, bəzi hallarda Makron Paşinyandan da irəli getdi və Azərbaycana qarşı haqsız ittihamlar irəli sürdü. Ona görə də Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, Fransa bu qədər erməniləri düşünüb, onların qayğısına qalırsa, öz ərazisində, yəni ermənilərin çox yaşadığı bölgələrdə buyurub ermənilərə hansısa muxtariyyətlər versin. Eyni zamanda, qoy Fransa uzun illərdir assimlyasiya etdiyi, mədəniyyətinə, tarixinə əl uzatdığı etniklərə müstəqillik versin. Biz bilirik ki, Fransa özü tarixən ərazisində olan digər etnik xalqları, fransız olmayanları necə fransızlaşdırıb, onları öz milli kökündən qoparıb. Ona görə də Dağlıq Qarabağa “müstəqillik verilsin” tələbi qoyan Fransa Korsikaya və digər etnik qrupların yaşadıqları ərazilərə müstəqillik versin və bununla da nümunə göstərsin ki, baxın, biz belə nümunələr edirik".

Ekspertin sözlərinə görə, Fransa heç zaman etnik qruplara müstəqillik verməz, əksinə, onlara qarşı daim assimlyasiya siyasəti aparıb.

O hesab edir ki, Fransa ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmalıdır, çünki artıq bu ölkənin orada təmsil olunması mümkün deyil:

"Ümumiyyətlə, ATƏT Minsk qrupunun əhəmiyyəti qalmayıb. Hətta, əgər qalıbsa, artıq başqa bir ölkənin ora cəlb edilməsi lazımdır. Şübhəsiz, bu dövlətin Türkiyə olması daha məqsəduyğundur. Hər halda, Fransanın Minsk Qrupunda qalması, birmənalı şəkildə, yolverilməzdir, çünki bu ölkə artıq öz ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyub. Bunun tam əksi olaraq, Rusiyanın da isti yanaşdığı Türkiyə həmsədrlərdən biri olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti