Bakı. Trend:
Dünyaya COVİD-19-a qarşı “birlikdəyik” mesajının ünvanlanması, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığının və qlobal liderliyinin göstəricisidir.
Artıq bir ilə yaxındır ki, dünyanı cənginə alan COVİD-19 pandemiyası səhiyyə böhranı olmaqla yanaşı, həm də iqtisadi-humanitar, insan haqları, bir sözlə dünyanın inkişaf meyillərini dəyişən bir hadisə kimi özünü göstərməkdədir: "Belə bir dönəmdə yalnız vəziyyəti düzgün qiymətləndirən, prespektivdə nələr ola biləcəyini hesablayan dövlətlər adekvat reaksiya göstərərək, lokal və qlobal mübarizə strategiyasını müəyyənləşdirə bilir. Azərbaycan o dövlətlərdəndir ki, vətəndaş sağlamlığını əsas tutaraq, pandemiyanın fəsadlarını minimumlaşdırmağa nail olur və eyni zamanda qlobal çağırışlar edərək, dünya ölkələrini vahid platforma ətrafında birləşdirir, birgə mübarizəyə səsləyir. Daim birləşdirici, sabitləşdirici mövqeyi ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan koronavirus pandemiyası dövründə daxildə effektiv mübarizə strategiyasını irəli sürməklə seçildi. Eyni zamanda dünyaya qlobal töhvələr verməklə vahid platformaların yaradıcısı və təşəbbüskarı qismində çıxış etdi. Qoşulmama hərəkatının ardından BMT-nin xüsusi sessiyasının məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilməsi deyilənlərin əyani sübutudur.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib. Onun sözlərinə görə, 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası qlobal miqyasda çox mühüm hadisədir. Bu sessiyanın keçirilməsinin təşəbbüskarı özündə 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevdir. Təşkilata sədrliyi həyata keçirən Azərbaycanın Prezidenti bu ilin may ayında qurumun Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə belə bir təşəbbüslə çıxış etmişdi. Prezident İlham Əliyevin bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzv dövləti tərəfindən dəstəklənib. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə edib. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsü koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlığa verilən töhfə kimi çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan prezidenti bu proseslərdə tarixi liderlik missiyasını öz üzərinə götürərək, atmış olduğu vacib və önəmli addımlar nəticəsində nəinki Azərbaycanda, eyni zamanda qlobal dünyada və Birləmiş Millətlər Təşkilatı nəzdində COVID-19 pandemiyası və onun bir çox fəsadların aradan qaldırılması ilə bağlı tarixi missiyasını ön plana çıxartmışdır.
T.Cəfərova xüsusilə qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama hərəkatının özü kifayət qədər fəallaşıb və qlobal proseslərdə aktivliyini artırıb. Bu da şübhəsiz ki, ilk növbədə Azərbaycan prezidentinin nüfuzundan, beynəlxalq müstəvidə ona olan münasibətdən və eyni zamanda şübhəsiz ki, irəli sürüyü təşəbbüslərin qlobal əhəmiyyət daşımasından xəbər verir. Son 30 il ərzində BMT-nin xüsusi sessiyasının çağırılması istiqamətində hər hansı bir addımlar atılmadığını da nəzərə alsaq, Azərbaycanın təşəbbüslərinin təkcə BMT üçün deyil, bütövlükdə həm də Qoşulmama hərəkatının özü üçün də mühüm əhəmiyyət daşıdığını qeyd edə bilərik. Dünyaya COVİD-19-a qarşı “birlikdəyik” mesajının ünvanlanması, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığının və qlobal liderliyinin göstəricisidir.
Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. İndiki həssas məqamda BMT Baş Assambleyasının xüsusi sessiyasından gözləntilərin böyük olduğuna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcək.
Məsələnin həm siyasi, həm iqtisadi, həm sosial və xüsusilə də mənəvi tərəfləri var. Siyasi konteksdən yanaşsaq, Prezident İlham Əliyevin həmin xüsusi sessiyada Qoşulmama hərakatının sədri kimi 5-ci yerdə çıxış etməsi, respublika prezidenti kimi 155 ölkə arasında 7-ci yerdə çıxış etməsi dünyanın Azərbaycana, Azərbaycan prezidentinə hörmət, etimadı idi.
Sonda T.Cəfərova bildirdi: "Düşünürəm ki, BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək".