...

Azərbaycan Prezidenti: Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı

Siyasət Materials 12 Dekabr 2020 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti: Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı

Bakı. Trend:

Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatları olub. Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik.

Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı.

Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti