...

2021-ci ilin dövlət büdcəsi müstəqillik dövründə tarixi sənəddir – Deputat

Siyasət Materials 26 Dekabr 2020 10:10 (UTC +04:00)
2021-ci ilin dövlət büdcəsi müstəqillik dövründə tarixi sənəddir – Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının 2021-ci ilin dövlət büdcəsi müstəqillik dövründə ərazi bütövlüyümüzü tam əhatə edən, müzəffər ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirlərini də nəzərdə tutan ilk büdcədir. Bildiyiniz kimi dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpa olunması üçün 2.2 milyard manat vəsait ayrılıb. Bu səbəbdən bu büdcəni tarixi sənəd hesab edirəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib. Deputat bildirib ki, bu ilin dövlət büdcəsi həmişə olduğu kimi sosial yönümlü bir büdcədir və büdcə layihsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə də şəhid ailələri, müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması, eyni zamanda əhalinin sağlamlığının qorunması məqsədilə kifayət qədər vəsait nəzərdə tutulub.

A.Həsənova vurğulayıb ki, eyni zamanda büdcədə dünyanı cənginə almış koronavirus bəlası ilə mübarizə üçün 261 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlətimizin insanların sağlamlığına böyük öndəm verdiyinin daha bir göstəricisidir:

"Ümumilikdə dövlət büdcəsi reallıqları və cəmiyyətimizin gözləndilərini əks etdirir. Müzakirə üçün Milli Məclisə təqdim edilmiş büdcə layihəsində bəzi texniki məqamlar istisna olmaqla ümumilikdə layihəni məqbul hesab edirəm, eyni zamanda bəzi məsələləri vurğulamağı məqsədəuyğun hesab edirəm. 1-ci məsələ ünvanlı dövlət sosial yardımların verilməsi ilə bağlıdır. Belə ki bu yardımların verilməsi mexanizmi bildiyiniz kimi özlüyündə haqlı olaraq təkmilləşdirilməyə məruz qalıb, xidmətin təşkilində şəffaflığın təmin olunması üçün məmur-vətəndaş təmasları minimuma endirilib. Şübhəsiz ki, ailə üzvləri əmək qabiliyyətsiz olan və ya əmək qabiliyyətli üzvü vəfat edən, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab olunan, bir sözlə, qanunvericiliyə görə bu yardımı almağa hüququ olan aztəminatlı ailələrin heç də hər biri nə mükəmməl internet resursları istifadəçisi, nədə öz hüquqları barədə məlumatlıdırlar. Əsasən belə ailələrə ayrı-ayrı şəxslər tərəfindən yardım məbləğinin müəyyən hissəsi müqabilində "köməklik" göstərilməsinə dair vətəndaşlar tərəfindən tez-tez şikayətlər daxil olur. Belə ailələrin ünvanlı dövlət sosial yardıma ehtiyacını nəzərə alaraq bu vəsaitin həmin ailələr tərəfindən hər ay tam həcmdə şəxsən alınmasına nəzarətin gücləndirilməsini, həmçinin, bu sahədə dövlətin mənafeyinə xələl gətirə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsini vacib hesab edirəm. 2-ci məsələ xüsusilə deputat seçildiyim Suraxanı rayonu ərazisində tibbi diaqnostik mərkəzin olmaması ilə bağlıdır. Belə mərkəzlərin əsasən Bakı şəhərinin mərkəzi rayonlarında yerləşdiyini nəzərə alaraq rəsmi 220 000-dən, qeyri-rəsmi 300 000-dən çox əhalinin yaşadığı bu rayonda sakinlərimiz xeyli məsafə qət etməklə bu mərkəzlərə getməkdə həm maddi həm də fiziki cəhətdən çətinliklərlə üzləşirlər. Rayonda fəaliyyət göstərən tibb müəssisələrinin xidmət çeşidləri baxımından imkanlarının texniki və ya digər səbəblərdən məhdudluğu, stasionar mualicə xidmətlərinin olmaması xüsusi ilə aztəminatlı sakinlərimizin tibbi xidmətdən kənar qalmaları ilə nəticələndiyindən Suraxanı rayonunda belə bir mərkəzin inşasını vacib hesab edirəm. Bu eyni zamanda Suraxanının şəhər mərkəzinə uzaq qonşu rayonlarında da vətəndaşların oxşar problemlərinin həllinə müsbət təsir edər. 3-cü məsələ isə Suraxanı rayonla bağlı əvvəl də səsləndirdiyim mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması ilə bağlıdır. Belə ki, Bakı şəhərinin çirkab sularının 60 faizinin Hövsan aerasiya stansiyasında təmizlənməsinə baxmayaraq mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmaması səbəbindən 15 000-dən çox sakini olan Hövsan kəndinin sahilboyu hissəyə yaxın ərazisindən çirkab suları birbaşa Xəzər dənizinə axıdılır. Həmçinin, belə şəbəkə olmayan Zığ qəsəbəsindəki sahəsi 56,0 ha olan "Zığ-1" sürüşmə sahəsində, əsasən şambo üsulundan istifadə edilən və uzun illər öncə inşa edilmiş çoxsaylı fərdi yaşayış evləri, eləcə də çoxmənzilli yaşayış binaları yerləşir ki, burada qəzalı vəziyyətə düşən evlərin sakinləri Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsait hesabına köçürülməkdədir. Hazırda davam edən bu prosesləri də qeyd etməkdə məqsədim diqqəti problemin nəticələrinin deyil, yaranma səbəblərinin aradan qaldırılmasına, nəticə etibarı ilə dövlət büdcəsindən səmərəli istifadəyə nail olmaqdır. Hesab edirəm ki, rayon ərazisində mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması işlərinin sürətləndirilməsi yuxarıda sadalanan problemlərin qarşısının alınmasına, eyni zamanda ardıcıl olaraq yolların çəkilməsi, küçələrin işıqlandırılması kimi görüləcək işlərin də icrasına əlverişli şəraitin yaranmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti