...

Moskva bəyanatı Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır

Siyasət Materials 12 Yanvar 2021 18:23 (UTC +04:00)
Moskva bəyanatı Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır

Bakı. Elçin Mehdiyev – Trend:

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

Bunu Trend-ə Milli Məcisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi:

“Üçtərəfli Moskva görüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır və bu bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir.

Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir.

Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.

Həmçinin, Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti