...

Respublika Veteranlar Təşkilatı minaya düşərək həlak olan jurnalistlərlə bağlı bəyanat verib

Siyasət Materials 4 İyun 2021 17:49 (UTC +04:00)
Respublika Veteranlar Təşkilatı minaya düşərək həlak olan jurnalistlərlə bağlı bəyanat verib

Bakı. Trend:

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti 4 iyun 2021-ci il tarixində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat verib.

Trend xəbər verir ki, beynəlxalq təşkilatlara, dünya birliyinə ünvanlanan bəyanatda deyilir:

“30 ilə yaxındır ki, Ermənistan dövlətinin həyata keçirdiyi işğal siyasətinə 44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il tarixli bəyanatla son qoyulsa da, erməni faşizminin mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi mülki insanlar arasında tələfatların yaşanmasına, sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur. Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir.

Təəssüf doğuran məqamlardan biri də Azərbaycan dövlətinin səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün əməli addım atmamasıdır. Nə qədər acınacaqlı da olsa qeyd etməliyik ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir. Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.

Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir. Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir.

Ona görə də, Respublika Veteranlar Təşkilatı olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik. Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür.

Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq göstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti