...

Bolqarıstan mətbuatı Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsini geniş işıqlandırıb (FOTO)

Siyasət Materials 21 Avqust 2021 12:16 (UTC +04:00)
Bolqarıstan mətbuatı Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsini geniş işıqlandırıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Часа”, “Труд”, “Стандарт”, “Дума”, “Kircaali Haber” qəzetləri, həmçinin “Fokus” və “Cross” xəbər agentlikləri və novini247.com xəbər portalı tərəfindən geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, “Prezident İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmiş, ərazi bütövlüyünü və ədaləti bərpa etmişdir”, “İlham Əliyev: Zəngəzur korridoru vasitəsilə Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqələri əldə edəcəkdir”, “İlham Əliyev mina xəritələrinə görə Yerevanı tənqid edir”, “İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmişdir” sərlövhəli məqalələrdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ədalətsizlik və beynəlxalq hüququn norma və prinsiplərinin pozuntusu kimi qiymətləndirildiyi bildirilir. Ötən ilin sentyabr ayından noyabr ayınadək davam edən 44 günlük müharibədə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi və ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilir. Məlumatlarda qeyd olunur ki, Ermənistanın əvvəllər işğal altında olan Azərbaycan ərazilərində kütləvi şəkildə minaların yerləşdirilməsi nəticəsində 150-dən çox mülki şəxs və hərbçi həlak olmuş və ya yaralanmışdır. Əlavə olunur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir və artıq təqdim etdiyi xəritələrin yalnız 25%-i həqiqəti əks etdirir.

Məqalələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və reabilitasiyası üçün kifayət qədər maliyyə vəsaitinin səfərbər olunması, real vəziyyətlə yerində tanış olmaq üçün yerli və xarici media nümayəndələrinin, rəsmi şəxslərin və ictimai xadimlərin həmin bölgələrə səfərlərinin getdikcə artması qeyd olunur.

Yazılarda dövlətimizin başçısının müsahibəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifaha nail olmaq, eləcə də iqtisadi münasibətləri bərpa etmək üçün regionda yolların və kommunikasiyaların açılmasının bütün tərəflərin marağında olması bildirilir.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur korridorunun yaradılmasının region ölkələrinə yeni imkanlar yaratması barədə fikirlərinə ətraflı yer verilir. Bildirilir ki, bu korridor Avropadan Asiya və geriyə malların daşınmasını sürətləndirəcək və bu baxımdan Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevriləcəkdir.

Ölkə başçısına istinad olunaraq qeyd olunur ki, Azərbaycan yeni müharibə arzulamır və Azərbaycan cəmiyyətinə inteqrə olunmalı Azərbaycanın Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşları olaraq görür və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan, burada ermənilər də daxil olmaqla bir çox xalqlar bir ailə kimi yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti