Şuşa. Fərid Zöhrabov -Trend:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri təşkil edilib. Bu gün təşkil olunan səfərdə 100-dən çox QHT təmsilçisi iştirak edir.
QHT təmsilçilərini müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşada Trend-in müxbirinə açıqlamasında QHT-lərin Şuşa şəhərinə səfərinin çox böyük əhəmiyyət daşıdığını bildirib:
"QHT-lər son 30 il ərzində xeyli fəallıq göstəriblər. Bu gün böyük potensiala malik olan QHT nümayəndələri təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni barbarlarının törətdikləri vəhşilikləri öz gözləri ilə görür, dağıdılan kəndlərin, viran qoyulan qəsəbələrin, qırılan meşələrin dəhşətli mənzərəsi ilə qarşılaşırlar. Dünya bilməlidir ki, erməni faşizmi bəşəriyyət üçün çox böyük təhlükələr yaradacaq. Ermənilər tərəfindən Azərbaycana qarşı yalan və böhtan xarakterli kampaniyalarının qarşısının alınması istiqamətində QHT-lərin səyi xüsusilə vacibdir. Onlar gördüklərini olduğu kimi, yerli və xarici ictimaiyyətin diqqətinə çatdırmalıdırlar”.