...

Vəziyyətin bu yerə çatmasının günahkarları Ermənistan və havadarlarıdır - Deputat

Siyasət Materials 29 Sentyabr 2021 13:19 (UTC +04:00)
Vəziyyətin bu yerə çatmasının günahkarları Ermənistan və havadarlarıdır - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Ermənistanın düçar olduğu ağır böhran uzun illər ərzində Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin məntiqi nəticəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, vəziyyətin bu yerə gəlib çatmasının günahı Ermənistan və onun havadarlarındadır:

“Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə heç nə əldə edə bilmədi, əksinə sosial-iqtisadi vəziyyəti daim gerilədi, regionda bütün inkişaf proseslərindən, layihələrdən kənarda qaldı və dalan bir ölkəyə çevrildi. Bununla yanaşı, ağır durumda yaşayan əhali Ermənistandan qaçmağa başladı ki, bunun da nəticəsində Ermənistan düçar olduğu problemlərdən biri də demoqrafik vəziyyətlə bağlıdır.

Azərbaycan bu illər ərzində hər zaman Ermənistanı və onun havadarlarını xəbərdar edirdi, bir qarış da torpağını güzəştə getməyəcəyini, hərbi yolla da olsa ərazilərini azad edəcəyini bəyan edirdi. Lakin nə Ermənistan, nə onun havadarları, nə də ATƏT-in Minsk qrupu doğru addım atmağa çalışırdı, əksinə, münaqişənin uzadılması üçün əllərindən gələni edirdilər. Onlar düşünürdülər ki, imitasiya xarakterli danışıqlar aparmaqla münaqişəni uzadacaqlar.

Azərbaycan dövləti daim Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini bildirsə də, Ermənistana təzyiq göstərilməsinin vacibliyini bəyan etsə də həmsədrlərin fəaliyyətində heç bir hərəkətlilik müşahidə edilmirdi. Azərbaycan cəmiyyətində də Minsk qrupunun fəaliyyətinə inam tamamilə itmişdi.

Bu cür cəzasızlıq mühitindən istifadə edən Ermənistan daha da azğınlaşır, yeni ərazi iddialarına düşürdü. Azərbaycan Ermənistanın yeni ərazilər işğal etməyə hazırlaşmasına dair 2020-ci ilin sentyabrınadək dünya birliyini dəfələrlə xəbərdar etməsinə baxmayaraq heç bir irəliləyiş olmadı, azğınlaşmış Ermənistan vaxtında dayandırılmadı, ATƏT-in Minsk qrupu həmsədrləri heç bir fəallıq göstərmədilər. Zamanında Ermənistana təzyiq göstərməyən böyük dövlətlər, Minsk qrupu 44 günlük Vətən müharibəsindən sonra fəallaşmağa başladılar”.

Deputat bildirib ki, nə qədər ki, Azərbaycan torpaqları işğal altında idi, bəzi böyük dövlətlər guya sülhdən, dialoqdan, müzakirələrdən danışırdılar, ancaq əslində onların səmimi olmadıqları bəlli idi və Azərbaycan Vətən müharibəsində qələbə qazanandan sonra həmin dövlətlərin də ikili standart oyunları ortaya çıxdı:

“Elə müharibə dövründə də onların qərəzli, bir tərəfli mövqeyini gördük, özlərini sanki Ermənistan təmsilçiləri kimi aparırdılar, xüsusilə ATƏT-in Minsk qrupuna üzv olan bir ölkənin bu cür birtərəfli mövqedən çıxış etməsi uzun illər əslində Minsk qrupunun sülh danışıqları adı altında status-kvonu qoruyub saxlamaq üçün çalışdıqlarını üzə çıxardı.

Azərbaycanın qələbəsindən sonra Ermənistandakı siyasi və sosial-iqtisadi böhran daha da dərinləşdi, digər tərəfdən müharibədəki itkilər Ermənistan cəmiyyətinə ağır psixoloji təsir göstərdi. İndi bəzi ölkələr humanist yanaşmadan danışırlar. Azərbaycan torpaqları işğal altında olanda, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz olanda humanizm yada düşmürdü, aparıcı dövlətlərin liderləri, siyasətçiləri bu mövzuda danışmırdı. Elə ki, Azərbaycan qələbə qazandı, öz torpaqlarını işğaldan azad etdi, indi başlayıblar Ermənistana humanist münasibətdən, vəziyyətin ağır olmasından danışmağa. Bu da sözsüz ki, ikili standartlardan, qərəzli münasibətdən xəbər verir”.

Deputat əlavə edib ki, Ermənistan yenə də təxribatçı fəaliyyətindən əl çəkmir, münaqişəni yenidən gündəmə gətirməyə çalışır:

“Bundan sonra artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu gün Ermənistan bu ifadəni işlətməklə spekulativ addımlar atmağa, münaqişəni unutdurmamağa çalışır və adətləri üzrə başqa dövlətlərə yalvarmaqla bu problemi davam etdirmək istəyir. Ancaq münaqişə artıq geridə qalıb, Azərbaycan öz ərazilərini işğaldan azad edib və artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Yalnız Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ ərazi vahidi var və cənab Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonunun yaradılması haqqında sərəncam imzalayıb.

Ermənistan birdəfəlik anlamalıdır ki, münaqişə artıq bitib, geridə qalıb. Ermənistan onu da anlamalıdır ki, əgər onlar yenə də hansısa təxribata əl atarlarsa, revanşizm iddialarına düşərlərsə Azərbaycan onların layiqli cavab verəcək və bu cavab Ermənistan üçün çox sarsıdıcı olacaq. Bu gün Ermənistanın yalnız bir seçimi var – Azərbaycanın şərtlərini qəbul edərək əməkdaşlıq etmək. Bunun əksi isə Ermənistanı tamamilə məhvə aparacaq”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti