Bakı. Elçin Mehdiyev – Trend:
Fransa ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmalı, tənzimləmə prosesində həmsədrlərdən biri Türkiyə olmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, faktiki olaraq koma vəziyyətində olan ATƏT-in Minsk Qrupuna yenidən can vermək istəyənlər var: “Bu reallıq fonunda ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasını necə izah etmək olar?”.
E.Nəsirov deyib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: “Xüsusi təyinatlılar arasında münasibətlərin inkişafı ordunun inkişaf etdirilməsi mənafeyinə xidmət göstərir: “Türkiyə artıq çox ciddi aktordur. Bunu bütün dünya da qəbul etməkdədir. Türkiyə tənzimləmə prosesində iştirak etməlidir”.
Deputat əlavə edib ki, Türkiyə variantı alınmayacağı təqdirdə Pakistanın bu prosesə cəlb edilməsi çox faydalı olar: “Onsuz da bu məsələnin həlli ilə məşğul olan Rusiya, ABŞ nüvə dövlətidir. Bu işlə nüvə dövlətləri məşğul olursa, Pakistan da bu prosesə cəlb edilə bilər. Çünki Pakistan da nüvə dövlətidir”.