Bakı. Trend:
Hadrutun işğaldan azad edilməsi çox böyük fədakarlıq, peşəkarlıq tələb edib. Ermənilər Hadrutu alınmaz qala hesab edir və bu qəsəbənin üzərindən ən müxtəlif şəkildə informasiya təxribatı aparırdılar.
Hadrutun alınması düşmənin psixoloji baxımından sınması demək idi. Məhz bu səbəbdən Ermənistan rəhbərliyi Hadrutun alınmasını ictimaiyyətdən gizlədir, qəsəbənin geri alındığı barədə yalan məlumatlar yayırdı. Hadrutda Azərbaycan bayrağının qaldırılması ilə bağlı videogörüntülər geniş şəkildə yayıldıqdan sonra bu, Ermənistan hakimiyyətinin yalan üzərində qurulan informasiya siyasətinə çox böyük zərbə vurdu və müharibənin sonrakı gedişatında ermənilərin obyektiv məlumat almaq üçün Azərbaycanın resurslarına müraciət etdikləri barədə çoxsaylı faktların ortaya çıxmasına zəmin yaratdı. Bu səbəbdən, Hadrutun azad edilməsini həm də düşmənə informasiya sahəsində vurulan ən ağır zərbələrdən biri kimi də qəbul etmək olar.
Trend-in məlumatına görə, Jalə Əsgərovanın təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Hadrut zəfərinin ildönümü” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – general Yaşar Aydəmirov, Milli Məclisin deputatı Elman Məmmədov və telejurnalist, şair-publisist Bəxtiyar Qaraca mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: