Bakı. Trend:
Mina xəritələrini gizlətmək, verməmək cılız, mənasız və hüquqdan uzaq yanaşmadır.
Trend-in məlumatına görə, bunu ADA Universitetində "44 Günlük Zəfər Yolu" adlı konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, bu yanaşmanın heç bir faydası yoxdur: "Prezident İlham Əliyev Azərbaycanın sülh danışıqlarında maraqlı olduğunu, sülh müqaviləsinin labüdlüyünü qeyd edib. Biz Ermənistana təklif edirik ki, qonşulara hörmətlə yanaşsınlar, nəticədə iqtisadi dalandan çıxsınlar və normal münasibət quraraq inkişaf etsinlər. Təbii ki, biz Azərbaycan olaraq yalnız niyyətimizi ortaya qoya, çağırış edə bilərik. Lakin qərarı Ermənistan rəhbərliyi verəcək.
Azərbaycan dövləti hər zaman sözünün sahibi olub. Müsbət addımların cavabını ikiqat, üçqat verib. Niyyətimiz sülh münasibətlərinin formalaşmasıdır".