...

İşğalçılıq siyasəti Ermənistanı dərin böhrana sürüklədi - TƏHLİL

Siyasət Materials 22 Fevral 2022 14:21 (UTC +04:00)
İşğalçılıq siyasəti Ermənistanı dərin böhrana sürüklədi - TƏHLİL

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlaması erməni xalqının özünün faciəsi oldu, ölkəni siyasi və sosial-iqtisadi böhrana sürüklədi. Bu illər ərzində Ermənistan dalan bir ölkəyə çevrilməklə regionda gedən bütün inkişaf proseslərindən geridə qaldı.

Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə deyib ki, Ermənistanın hazırkı vəziyyəti 19-cu əsrin əvvəllərində fransızların, ikinci dünya müharibəsindən sonra almanların düşdüyü vəziyyəti xatırladır.

“Bəlli olduğu kimi alman xalqı məğlubiyyətdən nəticə çıxardı. Ötən zaman ərzində əldə edilən uğurlar bu xalq tərəfindən seçilən yeni inkişaf yolunun düzgün olduğunu təsdiqləyir”, - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti də başa düşməlidir ki, Qarabağ məsələsi bitdi və artıq keçmişi qaytarmaq üçün heç bir şans yoxdur: “Amma təəssüflər olsun ki, biz Ermənistanın mövcud rəhbərliyində hələ ki, bu addımları görmürük. Əksinə Nikol Paşinyan və komandası da revanişistlər kimi yanlış yolla irəliləyir”, - deyə o qeyd edib.

V.İskəndərov bildirib ki, bu gün N.Paşinyanın iddia etdiyi "Qarabağ hərəkatı", Azərbaycan ərazilərinin işğalı erməni xalqının özünün faciəsi oldu:

“Bunun üçün ötən 30 illik tarixə nəzər yetirmək kifayətdir. Bəlli olduğu kimi Ermənistan yürütdüyü işğalçılıq siyasətinin qurbanına çevrildi. İşğala görə Ermənistanın bir dövlət kimi beynəlxalq siyasi və mənəvi dayaqları sarsıldı. Bu ölkə ciddi iqtisadi-sosial tənəzzülə uğradı, regionun iqtisadi həyatından kənarda qaldı və dalan dövlətə çevrildi. Bir sözlə, Ermənistan normal inkişaf edən və müstəqil ölkə olmaq imkanlarını itirdi və hakimiyyəti qəsb etmiş bir qrup cinayətkarın girovuna çevrildi. Bu gün Ermənistan işğalçılıq və ultra şövinist siyasətinə görə vassal dövlət statusundadır”, - deyə V.İskəndərov əlavə edib.

O qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu tərəfindən işğalçı Ermənistan ordusunun darmadağın edildiyini vurğulayan deputat daha sonra deyib:

“Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Amma Ermənistan 44 günlük müharibənin nəticələrini və aldığı sarsıdıcı zərbəni, dəmir yumruğun qüvvədə olduğunu unutmamalıdır. Bu gün Ermənistanın iki yolu var. Bu yoldan biri aqressiv separatçılığı dəstək verməklə, süni şəkildə düşmən obrazı yaradıb erməni xalqı ilə manipulyasiya etmək siyasətini davam etdirməklə bu ölkənin birdəfəlik məhvinə aparmaqdan keçir. Digər yol isə regionda əbədis ülhün və inkişafın təmininəı xidmət edən, Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq həyata keçirilən layihələrdə iştirka etməklə gələcəyi təmin etmək. Ümid edək ki, Ermənsitan rəhbərliyi nəhayət ki, ağıllı qərar qəbul etməyə özündə güc tapa biləcək. Əks təqdirdə isə Ermənistan gələcəyi sual altındadır”, - deyə deputat bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın “Qarabağ hərəkatı”nın yaradılmasının 34-cü il dönümü ilə bağlı müraciətlə çıxış etməsi neqativ mənada maraq doğuran bir vəziyyətdir.

“Paşinyan öz müraciətində də qeyd etdiyi kimi, minlərlə insanın həlak olması ilə nəticələnmiş və nə erməni xalqına, nə də qonşularına heç bir fayda gətirməmiş, əksinə regionda illərlə davam etmiş düşmənçiliyin toxumlarını səpmiş bir “hərəkat”dan söhbət gedir.

İşğalçılıq xəyallarını özünə bayraq etmiş və əsrlərlə daha da təcavüzkar mahiyyət daşıyan miflərə əsaslanan ideologiya ilə hərəkət edən ermənilər nəinki məqsədlərinə çata bilmədi, əksinə özlərini çox acınacaqlı vəziyyətə saldı. Bu “hərəkat”ın yaradılmasından keçən dövr ərzində bütün region münaqişənin məhkumuna çevrildi. Bölgənin iqtisadi potensialını reallaşdırmaq imkanları daraldı. Əlbəttə, bundan ən çox əziyyət çəkən məhz Ermənistan və erməni xalqı oldu. Bütün əsas regional layihələrdən kənarda qalan Ermənistanın iqtisadi vəziyyəti hər keçən il daha da ağırlaşdı, insanlar kütləvi şəkildə ölkəni tərk etdi, siyasi böhranların ardı-arası kəsilmədi”, - deyə V.Hüseynov bildirib.

O qeyd edib ki, Paşinyanın bəyanatında diqqət çəkən əsas məqamlardan biri odur ki, o da bu “hərəkat”ın gətirdiyi fəlakətlərin fərqindədir.

“Müharibədən öncəki illərdən fərqli olaraq daha sönük ruhda olan bu müraciətdə qondarma rejimin müstəqilliyi, onun beynəlxalq tanınması və ya status kimi absurd fikirlərə toxunulmayıb.

Bu gün belə bir ümid var ki, İkinci Qarabağ Müharibəsindən sonra bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün yaranmış tarixi şərait müvafiq şəkildə istifadə ediləcək. Sülhün əldə olunmasına, xalqlar arasında əlaqələrin yaranmasına, regional nəqliyyat xətlərinin açılmasına və beləliklə düşmənliyi geridə qoymağa imkan verəcək.

Heç şübhəsiz ki, bunun üçün ilk növbədə Ermənistandakı revanşist qüvvələrin qarşısının alınmasına, radikal millətçi qrupların sülh prosesinə mənfi təsirinin aradan qaldırılmasına və rəsmi İrəvanın konstruktiv şəkildə sülh danışıqlarında iştirak etməsinə ehtiyac var”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti