...

ABŞ Prezidentinin məktubu Azərbaycanın təşəbbüslərinin beynəlxalq aləmdə dəstəklənməsinin təzahürüdür - TƏHLİL

Siyasət Materials 21 May 2022 13:53 (UTC +04:00)
ABŞ Prezidentinin məktubu Azərbaycanın təşəbbüslərinin beynəlxalq aləmdə dəstəklənməsinin təzahürüdür - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda ABŞ Prezidenti ölkəsinin Azərbaycanla əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov vurğulayıb ki, ABŞ Prezidentinin məktubunda çox mühüm məsələlərə toxunulur və Azərbaycanın milli maraqları, mövqeyi ilə üst-üstə düşən məsələlərə diqqət yetirilir.

“Məktubda qeyd olunan bir neçə mühüm məsələyə diqqət çətkmək istərdim. Məktubda hazırkı vəziyyət Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qihmətləndirilir. Bu, olduqca vacib məqamdır. Bu, onu göstərir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə regionda yaratdığı yeni reallıqlar ABŞ tərəfindən qəbul edilir və dəstəklənir.

Bununla yanaşı, məktubda Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr təqdir edilir. Azərbaycan özü 30 il ərzində erməni terrorundan əziyyət çəkən bir ölkə kimi qlobal terrorizmlə mübarizəyə mühüm töhfələr verib. Azərbaycanın bu töhfəsi, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb və etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynayıb. Göründüyü kimi, Azərbaycanın bu dəstəyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”, - deyə C.Osmanov bildirib.

Deputat qeyd edib ki, məktubda digər mühüm məsələ ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olmasıdır.

“ABŞ Prezidenti, həmçinin, regionda iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində Azərbaycanın gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir. Bu, bir daha onu göstərir ki, Azərbaycanın sülh təşəbbüsləri dünya dövlətləri tərəfindən dəstəklənir. Hesab edirəm ki, bu, Ermənistana da ciddi bir mesaj olmalıdır ki, onların Azərbaycanın təşəbbüslərini qəbul etməkdən başqa yolları yoxdur, çünki dünya liderləri Azərbaycanın haqlı mövqeyini və sülh təşəbbüslərini dəstəkləyir.

Hesab edirəm ki, ABŞ Prezidentinin məktubu ümumilikdə Azərbaycanın haqlı mövqeyinə və Prezident İlham Əliyevin apardığı düzgün siyasətə beynəlxalq aləmdə verilən böyük önəm və yüksək qiymətdir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov da Trend-in sualını cavablandırarkən deyib ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasından keçən 30 il ölkələrimizarası münasibətlərinin möhkəmlənməsi və inkişafı baxımından uğurlu bir tarixdir.

“Müstəqilliyimizin ilk illərindən başlayaraq ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəklənib və torpaqlarımızın danışıqlar yolu ilə işğaldan azad olunması prosesində ölkəmizin mövqeyini həmişə dəstəkləyib. Müstəqilliyimizin ilk illərində Azərbaycanın iqtisadiyyatının inkişafının təməlində dayanan və bel sütunu təşkil edən "Əsrin müqaviləsi"nin imzalanmasında ABŞ yaxından iştirak edib, karbohidrogen resurslarımızın dünya bazarlarına ixracını təmin edən neft-qaz boru xətlərinin çəkilməsini dəstəkləyib.

Bu illərdə Azərbaycan-ABŞ münasibətləri artan xətlə inkişaf edib və strateji xarakter alıb. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərin tikintisi ilə bağlı layihələr Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənib, Avropanı Asiya ilə birləşdirəcək bu layihələrin xüsusilə bu gün artan əhəmiyyətini müsbət dəyərləndirib”, - deyə deputat qeyd edib.

A.Badamov vurğulayıb ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə yaxından iştirak edib, 1999-cu ildən başlayaraq Kosovoda, İraqda, Əfqanıstanda, Cənubi Sudanda beynəlxalq sülhməramlıların tərkibində sülhməramlı missiyalarını yerinə yetirib. Yola saldığımız 30 ildə Azərbaycanın öz ərazisi işğal altında olmasına baxmayaraq, beynəlxalq missiyaların iştirakçısı olması ABŞ tərəfindən də yüksək dəyərləndirilib.

2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq Amerika Birləşmiş Ştatları tərəfindən də qəbul olunur. Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu anlamda Azərbaycanın sülh təşəbbüslərinin dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirməsi ABŞ-ın bölgədə yaratdığmız yeni reallığa uyğun uzunmüddətli sülhün təmin edilməsinə böyük dəyər verdiyinin göstəricisi hesab edirəm.

Azərbaycanın regionda təhlükəsiz əməkdaşlığın yaradılması ilə bağlı təşəbbüsləri beynəlxalq normalara uyğundur və Ukrayna müharibəsi ilə əlaqədar dünya nizamında baş verən hadisələr müstəvisində yeni əməkdaşlıq və sülh regionunun yaradılması istiqamətindədir. Təbii ki, dünya nizamında baş vermiş hadisələr yeni təhlükəsiz əməkdaşlıq və iqtisadi əlaqələrin davam etdirilməsi üçün perespiktivlər vəd edən Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunmasını vacib edir. Azərbaycanın niyyəti və gələcəyə baxışları öz ölkəmizin üzərindən dünyanı birləşdirməklə bağlıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti təbrik məktubunda ölkəmizin bu mövqeyinin əhəmiyyətindən danışaraq planlarımızın reallaşdırılmasında dəstək verməyə hazır olduğunu bildirərək ölkələrarası əməkdaşlığın möhkəmlənməsinə və inkişafına böyük dəyər verdiyini ifadə etməsini həm də ABŞ-ın regiona baxışlarının ifadəsi kimi qeyd etmək olar”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti