Bakı. Trend:
Azərbaycanda vətəndaşlar qanunvericilik təşəbbüsləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarını mübahisələndirə biləcəklər.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Prosessual Məcəlləyə təklif edilən yeni – 130-2-ci maddə əksini tapıb.
Yeni maddəyə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş MSK-nın qərarlarının mübahisələndirilməsinə dair iddia üzrə icraat xüsusiyyətləri müəyyənləşir.
Dəyişiklik layihəsinə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki Komissiyasının (MSK) aşağıdakı qərarlarının mübahisələndirilməsinə dair ərizəsi apelyasiya instansiya məhkəməsinə verilə bilər:
- Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınmasından imtina barədə;
- Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun tələblərinə riayət etməməsi barədə.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.