...

Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilir

Siyasət Materials 16 İyun 2022 17:51 (UTC +04:00)
Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilir

Bakı. Trend:

Dünyanın qlobal problemlərinin müzakirə olunduğu mühüm tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın xüsusilə də Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu və imkanları beynəlxalq miqyasda etiraf edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da qeyd olunan mövzuda mühüm müzakirə və diskussiyaların aparılması ilə diqqəti çəkib.

Ümumilikdə, son illər respublikamızın reallaşdırdığı müxtəlif enerji layihələri beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına zəmin yaradıb. Milli mənafelərə əsaslanan bu layihələr Azərbaycanı nəinki yerləşdiyi regionun, Avrasiya məkanının aparıcı ixracatçı və təzhizatçı ölkələrindən birinə çevilib. Son 25 ildə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorosiysk, Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən, Cənub Qaz Dəhlizi layihəsinin mühüm seqmentləri olan “TANAP”, “TAP” kimi qlobal layihələri reallaşdıran Azərbaycan enerji bazarında əsas tərəfdaşlardan biri kimi qəbul olunur.

Respublikamız yeni neft diplomatiyasının məntiqi davamı kimi mavi yanacağın Qərb bazarlarına nəqli strategiyasını da uğurla reallaşdırıb. Təsadüfi deyil ki, son onilliyədək daha çox “qara qızıl” ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji siyasəti son 10 ildə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Avropa ölkələrinə hasil olunan təbii qazın həcminin ilbəil artımı ölkəmizin dünya bazarında iri mavi yanacaq tədarükçüsü olduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda Azərbaycanın enerji ehtiyatlarına dünyada tələbatın kəskin artması ilə bağlı səsləndirdiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur. Dövlət başçısı hazırda dünyadakı geosiyasi gərginliklər fonunda qaz təzhizatının artırılması ilə bağlı Avropa ölkələrindən Azərbaycana müraciətlərin artdığını vurğulayıb. Avropada mavi yanacaqla təminat probleminin aktuallaşdığı, qazın qiymətinin kəskin şəkildə artdığı bir şəraitdə Prezident İlham Əliyevin Forumda söylədiyi fikirlər ölkəmizin etibarlı enerji təchizatçısı olduğunu, sivil oyun qaydalarına riayət etdiyini bir daha təsdiqləyir. “...Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, - Prezident İlham Əliyev bildirib.

Ukraynada davam edən hərbi əməliyyatlar, Rusiya-Qərb münasibətlərindəki gərginliyin pik həddə çatması, tətbiq edilən qarşılıqlı sanksiyalar dünya bazarında neft və qazın qiymətlərini kəskin şəkildə artırmaqla yanaşı, təbii enerji resurslarından geosiyasi təzyiq aləti kimi istifadə meyillərini də gücləndirib. Konkret olaraq, bu gün Avropa ölkələri Rusiyanın enerji asılılığından xilas olmaq üçün alternativ mənbələr və ixracatçılar axtarışındadır. Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alan fikirlər bunu bir daha təsdiq edir: “Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidən qurulmasının ən intensiv mərhələsinə yaxınlaşırıq. Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır”.
Forum iştirakçıları ilə yanaşı, son aylarda bir sıra Avropa ölkələrinin dövlət və hökumət başçıları da Azərbaycanla enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər. Bunu zəruri edən əsas səbəblərindən biri də respublikamızın etibarlı, sabit mövqeyə malik biznes tərəfdaşı olması, zəngin neft və qaz resurslarından heç zaman siyasi sabotaj vasitəsi kimi istifadə etməməsi, süni qiymət artımlarına yol verməməsidir.
2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam gücü ilə işə düşməsi ölkəmizin Avropa üçün cəlbediciliyini və strateji əhəmiyyətini daha da artırıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarının Bakıda keçirilməsi də Azərbaycanın layihənin əsas təşəbbüskarı, investoru və təbii qaz təchizatçısı olması ilə şərtlənir. Dörd seqmentdən – “Şahdəniz Mərhələ - II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizi qlobal layihə olaraq Türkiyə, Gürcüstan kimi region dövlətləri ilə yanaşı, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya və Monteneqro, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya və s. dövlətləri tərəfindən də dəstəklənir.

Azərbaycanın hazırda istismar etdiyi və yaxın perspektivdə istismara hazır olacaq təbii qaz yataqlarının – “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq- Asiman”, “Dayazsulu”, “Abşeron”, “Qarabağ” və s. üzrə proqnozlaşdırılan mavi yanacaq ehtiyatları 2,6-3 trilyon kubmetr təşkil edir. Bu, Azərbaycana 100 ildən artıq müddətdə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olaraq qalmasına etibarlı təminat yaradır. Ölkəmizdən Avropaya qaz nəqlinin artırılmasında yeganə problem TAP və TANAP-ın ötürücülük imkanlarının hazırda nisbətən məhdud olmasıdır. TANAP Konsorsiumunun baş direktoru Saltuk Düzyol bununla bağlı bildirib ki, qaz kəmərinin ötürmə qabiliyyətinin təxminən iki dəfə – 31 milyard kubmetrə qədər artırılması beş ilə yaxın vaxt apara bilər. Birinci mərhələdə boru kəmərinin ötürmə qabiliyyətinin ildə 24, ikinci mərhələ isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Azərbaycan hazırda boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə xaricdəki tərəfdaşları ilə danışırlar aparır.

Ümumilikdə, ölkəmizin enerji resurslarının ixracının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin Avropa İttifaqına daxil olan ölkələr tərəfindən ciddi dəstək alması Azərbaycanın bu coğrafiyada real siyasi dəstək almaq, strateji maraq və mənafelərini təmin etmək imkanlarını genişləndirir.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti