...

Edilli kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın cinayətlərinin növbəti sübutudur - Sevil Mikayılova

Siyasət Materials 5 Oktyabr 2022 17:59 (UTC +04:00)
Edilli kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın cinayətlərinin növbəti sübutudur - Sevil Mikayılova

Bakı. Trend:

Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi erməni cinayətlərini növbəti dəfə üzə çıxardı.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, bu günə qədər birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlı girov və hərbi əsirlərin aqibəti məlum deyil. Azərbaycanın sərgilədiyi bütün humanizm prinsiplərinə baxmayaraq, hələ də Ermənistan itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən imtina edir, öz beynəlxalq öhdəliklərini pozur.

"Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistanın hərbi cinayətlərinin ən qəddar və insanlığa sığmayan növbəti sübutudur.

Azərbaycanlılara qarşı törədilən vəhşiliklər, müharibə cinayətləri, soyqrımı, əslində, bəşəriyyətə qarşı yönəldilən cinayətlərdir. Edillidəki məzarlıq azad olunmuş ərazilərimizdə aşkarlanan növbəti məzarlıqdır və aydındır ki, bu tip cinayətlər, kütləvi məzarlıqlar ilk və tək deyil. Məhz bu faktları ört-basdır etmək üçün Ermənistan itkin düşmüş şəxslər barədə məlumatları Azərbaycan tərəfinə vermək istəmir", - deyə S.Mikayılova əlavə edib.

O qeyd edib ki, fakta görə, 12 azərbaycanlının əlləri, qolları bağlanaraq torpağa basdırılıb: "Bu cinayət dəhşət saçır, nə qədər amansız, qəddar, insanlıqdan uzaq olmaq lazımdır ki, bu tip cinayətlər törədəsən. Əlbəttə, 200 ildir ki, azərbaycanlılara qarşı qatı düşmən kəsilmiş, dəhşətli cinayətlər törətmiş Ermənistanın bu əməlləri Azərbaycan xalqı üçün ilk hadisə deyil. Lakin hər zaman özünü "əzilən", "məzlum" xalq təqdim etmək istəyən ermənilər artıq beynəlxalq birliyi aldada bilməyəcək. Dövlət tərəfindən aparılan informasiya müharibəsində istifadə etdiyi köhnə alətlər Ermənistanın cinayətlərini ört- basdır etmir, əksinə, hər belə cinayət sübutları beynəlxalq ictimaiyyət qarşısında erməni yalanlarını ifşa edir.

Qeyd etmək lazımdır ki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq öz beynəlxalq hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərib və bu davranışı bu gün də davam etdirir".

S.Mikayılova bildirib ki, hər zaman beynəlxalq humanitar hüquqa sadiq olan Azərbaycan isə düşmənin cavabını Vətən müharibəsində və ondan sonra keçirilən anti-terror əməliyyatlarında, döyüş meydanında verdi.

"30 il ərzində işğala göz yuman beynəlxalq təşkilatlar ən azından indi Ermənistana lazımi təzyiqi göstərməlidir ki, itkin düşmüş azərbaycanlıların aqibəti ilə bağlı məlumatları təqdim etsin. Ermənistan vandal, cinayətkar, faşist bir dövlət olmasının bütün sübutları işğaldan azad olunan ərazilərimizdədir. Dağıdılan şəhərlərimiz, xarabalığa çevrilən yaşayış məskənləri, tarixi abidələr, kütləvi məzarlıqlar erməni vəhşiliyini bütün çılpaqlığı ilə göstərir", - deyə S.Mikayılova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti