...

Öndə və Mərkəzdə - Prezident İlham Əliyevin Avropada daha da artan beynəlxalq rolu

Siyasət Materials 7 Oktyabr 2022 12:43 (UTC +04:00)
Öndə və Mərkəzdə - Prezident İlham Əliyevin Avropada daha da artan beynəlxalq rolu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirildi. Sammitdə ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər.

Prezident İlham Əliyev də Aİ Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər etdi və "Avropa siyasi birliyi" Zirvə görüşünə qatıldı.

Prezident İlham Əliyev artıq Avropada ən çox axtarılan dövlət başçısı kimi təqdim olunur. Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizin siyasi qüdrətini artırır, həm də regionda gedən proseslərə müsbət təsir göstərir.

Regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir, beynəlxalq qlobal forumlara, iclaslara dəvət olunur, bir çox siyasi, iqtisadi məsələlər Azərbaycanla razılaşdırılır, bizim ölkəmizin mövqeyi çox zaman həlledici rol oynayır.

İkinci Qarabağ müharibəsindən sonra geosiyasi və geoiqtisadi çəkisi daha da artan Azərbaycanın beynəlxalq nüfuzu güclənir. Qlobal güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran rəsmi Bakının Ukrayna-Rusiya münaqişəsi fonunda Avropa üçün strateji əhəmiyyəti daha da artır.

Çox yox hələ bir neçə gün öncə Bolqarıstan Prezidentinin dəvəti ilə Prezident İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak etmişdi.

Ondan daha əvvəl Azərbaycan Prezidentinin İtaliya səfərini qeyd etmək vacibdir. Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxış etməsi də xüsusi qeyd olunmalıdır. Vurğulamaq lazımdır ki, bu tədbirə də Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi və “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən dəvət olunmuşdur.

Təkcə son bir aya yaxın dövrün xronologiyası Azərbaycan Prezidentinin dünyada, xüsusilə də Avropada beynəlxalq rolunun nə dərəcədə artdığını göstərir. Qərb dairələri müxtəlif müstəvilərdə Azərbaycan rəhbəri ilə görüşməyə, müzakirə olunan məsələlərdə onun rəyini öyrənməyə, Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmağa çalışırlar.

Praqada baş tutan görüşdə də bu nüanslar özünü bir daha göstərdi. “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasından sonra iştirakçılar birgə foto çəkdirdilər. Fotoda Azərbaycan Prezidenti öndə və mərkəzdə dayanır. Bu kiçik fakt əslində Prezident İlham Əliyevin artan siyasi nüfuzunun, beynəlxalq rolunun təsviridir.

Yeni reallıqlar fonunda Azərbaycan və onun lideri bütün dünya tərəfindən diqqətlə qarşılanır və qəbul olunur!

Xəbər lenti

Xəbər lenti