...

Bu gün Azərbaycan xalqı Zəngilanın azad edilməsini qürurla qeyd edir - Afət Həsənova

Siyasət Materials 20 Oktyabr 2022 10:59 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan xalqı qürurlu günlərdən daha birini qeyd edir. Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində Zəngilan düşmən tapdağından azad edildi. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, həm tarixi-mədəni, həm də strateji mövqeyinə görə Zəngilan rayonu Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir.

“Zəngilanın işğaldan azad edilməsi Vətən mühaibəsinin gedişində ən uğurlu əməliyyatlardan biri oldu. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi və işğal altında qalmış 132 kilometr sərhəd azad edildi”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Zəngilan rayonu da işğal altında olmuş digər rayonlarımız kimi erməni vandalizminə məruz qalıb.

“Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olub. İşğal dövründə bütün abidələr, o cümlədən rayonun bütün infrastrukturu erməni vandalları tərəfindən məhv edilib. Erməni vandalları Zəngilanda təbiətə qarşı da terror törədib, meşələri məhv edib, o cümlədən rayon ərazisində olan qızıl yatağı, qara mərmər yatağı və digər təbii sərvətləri mənimsəyib”, - deyə deputat bildirib.

Deputat bildirib ki, 2020-ci il oktyabrın 20-də Zəngilanın işğalına son qoyuldu və o torpaqların əsl sahibləri geri döndü.

“Bu gün bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Zəngilanda da sürətli bərpa və quruculuq işləri aparılır. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.

Zəngilan eyni zamanda regionunda mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Belə ki, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Göründüyü kimi Zəngilan rayonunun ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Zəngilanda görülən bu işlər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti