Bakı. Trend:
Azərbaycan ictimaiyyəti Laçın yolunda etiraz aksiyaları keçirməklə suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı cinayətkarlara qarşı sərt və barışmaz mövqe nümayiş etdirir. Bu etirazlar həm beynəlxalq dairələrə, həm də Qarabağdakı pozucu, talançı qüvvələrə ciddi mesajdır.
Trend xəbər verir ki, bunu SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
O əlavə edib ki, Azərbaycan ərazilərində ekoloji terror törədilməsi, təbii ehtiyatlarımızın ermənilər tərəfindən talan edilməsi dərhal dayandırmalıdır: “Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Bu talançılıq hazırda da davam edir. Rusiyalı sülhməramlıların bu əməllərə göz yumması təəssüf doğurur. Bu durum Azərbaycan xalqı tərəfindən haqqlı olaraq hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur. Son 3 gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani sübutudur. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir”.
S.Kərimli onu da bildirib ki, qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərində mövcudluğu bölgədə təhlükəsizliyə təhdididir: “Ermənistan 10 noyabr bəyanatına əməl etmir, öz ordusunun qalıqlarını Qarabağdan çıxarmır. Azərbaycanın təbii sərvətləri talan edilir. Rusiyalı milyarder Ruben Vardanyan Xankəndi və ətraf ərazilərdə təxribatlarla məşğuldur, bu cinayətlərin təşkilatçısıdır. Bütün bunlar narahatlıq doğurur və qəbuledilməzdir”.
S.Kərimli qeyd edib ki, Azərbaycan bu durumla heç vaxt barışmayacaq və tezliklə istədiyinə nail olacaq: “Azərbaycan dövləti hələlik məsələ ilə bağlı böyük səbr və təmkin nümayiş etdirir. Amma əgər vəziyyət bu cür davam edərsə, dövlətimiz daha sərt və qətiyyətli tədbirlər görmək məcburiyyətində qalacaq. Biz haqq, ədalət, ölkəmizin ərazi bütüvlüyünə, suverenliyinə hörmət edilməsini tələb edirik. Əminliklə demək olar ki, Azərbaycan bu dəfə də haqqlı istəyinə nail olacaq”.