...

Ermənistan Laçın yolu ilə bağlı yalan məlumatlar yayır - Aksiya iştirakçısı

Siyasət Materials 21 Dekabr 2022 19:00 (UTC +04:00)
Ermənistan Laçın yolu ilə bağlı yalan məlumatlar yayır - Aksiya iştirakçısı
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Ermənistan Laçın yolu ilə bağlı yalan məlumatlar yayır.

Bu barədə Trend-in Şuşaya ezam olunmuş müxbirinə Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçılarından biri - “EkoSfera” Sosial-ekoloji Mərkəzinin əməkdaşı Jalə İsmayılova deyib.

"Təşkilatımızın nümayəndələri aksiyanın ilk günündən buradadırlar. Artıq onuncu gündür ki, dinc etiraz aksiyası davam edir və bütün bu günlər ərzində humanitar yardım maşınlarının, təminat maşınlarının, təcili yardım maşınlarının keçməsinin şahidi oluruq. Təbii sərvətlərin qeyri-qanuni istismarına qarşı dinc etirazımızın başqa prizmadan təqdim olunmasından narahatıq. Ermənistan var gücü ilə “humanitar fəlakət” mühiti yaratmağa çalışır, Laçın yolu ilə bağlı yalan məlumatlar yayır. Amma mən bir daha qeyd etmək istərdim ki, aksiya dinc xarakter daşıyır, heç bir “blokada” yoxdur”, - deyə o bildirib.

Jalya İsmayılova qeyd edib ki, etirazçılar Azərbaycan torpaqlarında qanunsuz iqtisadi fəaliyyətin, ölkənin təbii sərvətlərinin qeyri-qanuni istismarının dayandırılmasını tələb etməkdə davam edirlər.

“Biz öz ərazilərimizdə müstəqil monitorinq apara bilməliyik, çünki biz öz torpağımızdayıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti