Bakı. Trend:
Parisdə nəşr olunan “La Mond” qəzeti vasitəsilə 11 fransız siyasətçisi Makrona müraciət edib ki, Ermənistanın “təhlükəsizliy”inin təmin olunması məqsədilə Azərbaycana qarşı bir sıra tədbirlər görülsün. Siyasi əxlaqdan ümumiyyətlə, beynəlxalq hüquqdan tamamilə uzaq olan insana xas olan bu təkliflər sırasında hətta Azərbaycana qarşı sanksiyaların tətbiqi, beynəlxalq sülhməramlıların ölkəmizə göndərilməsi, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi yer alıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov deyib.
Deputat bildirib ki, hər cür beynəlxalq cinayət bizim ərazimizdə törədilib. “Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsini imzalamayıb və ratifikasiya etməyib. Ancaq siz təsəvvür edin əhalisi etnik təmizləməyə məruz qalan, minlərlə günahsız insanları soyqırıma və insanlıq əleyhinə cinayətin qurbanı olan, özündə müharbə cinayətlərinin bütün əlamətlərini ehtiva edən qadağan olunmuş klaster, kasset və fosfor sursatları ilə mülki əhalisi və mülki infrastrukturu məhv edilən, mədəni irsinə və ekoloji sisteminə bərpa olunmayan ziyan vurulan Azərbaycanın məsuliyyəti ortaya atılır.
Hüquqi cəhətdən yalnız xəstə təxəyyülün məhsulu olan bu absurd təklif müəlliflərinə bir daha xatırlatmaq istərdim ki, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq, onun yuridiksiyası iştirakçı dövlətlərin ərazisində baş verən cinayətlərə şamil olunur. Ancaq ərazisində beynəlxalq cinayətlər törədilən və hətta iştirakçı olmayan dövlət – Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 12-ci maddəsinə uyğun olaraq xüsusi deklarasiya qəbul edib. Konkret işləri məhkəmənin baxışına çıxara bilər. Beynəlxalq hüquqa uyğun nə Fransa, nə də Ermənistanın Nizamnaməsinə zidd olaraq Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək hüququ yoxdur. Bunu yalnız beynəlxalq cinayətlərdən uzun müddət əziyyət çəkmiş Azərbaycan edə bilər”, - deyə deputat bildirib.