Bakı. Trend:
Bütün dünya bir daha bilməlidir ki, Laçın yolunda keçirilən etiraz aksiyası Qarabağda yaşayan erməni əsilli dinc Azərbaycan vətəndaşlarına qarşı deyil, separatçı silahlı dəstələrin cinayətkar əməllərinin dayandırılması məqsədilə keçirilir. Sirr deyil ki, Ermənistan uzun illər Laçın yolundan cinayətkar məqsədlərlə istifadə edib.
Bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, 30 ilə yaxın işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi, ərazilərimizin kütləvi minalanması, silah-sursat daşınması və digər cinayətkar əməllər Laçın yolu vasitəsilə həyata keçirilib: "Hətta 44 günlük Vətən Müharibəsindəki Qələbəmizdən sonra da Ermənistan Laçın yolundan istifadə edərək Qarabağa mina daşıyıb, ərazilərimizi talan edərək ekoloji cinayətlər törədib. Laçın yolu Xankəndidə məskunlaşan erməni silahlı terrorçuları və onların siyasi havadarları üçün nəfəslik rolunu oynayıb. Amma artıq bir aya yaxındır ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talanmasına, Laçın yolundan cinayətkar məqsədlərlə istifadə olunmasına etiraz edirlər".
S.Kərimli qeyd edib ki, Arutunyan, Vardanyan və digər cinayətkar ünsürlərin nəfəsi kəsilib.
"Onlar artıq əvvəlki kimi qanunsuz əməllərlə məşğul ola bilmirlər. Azərbaycan vətəndaşları bu yolda etiraz edərək bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına çalışır və hesab edirəm ki, biz buna nail olmuşuq. Yol vasitəsilə humanitar kalonlar, sülhməramlılara məxsus avtomobillər, Xankəndidən gələn mülki dinc şəxslər heç bir maneə olmadan hərəkət edir. Ermənistanı dəstəkləyən beynəlxalq dairələr gözünü yaxşı açsın və bu reallıqları görsün. Azərbaycanı ittiham etmək, yalan və saxta məlumatlar yayaraq nəyəsə nail olmaq istəyən ölkələr dərk etməlidir ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Görünür, Avropadakı bəzi ermənipərəst dairələr Laçın yolunda azərbaycanlıların dinc aksiyasını təhrif edərək fərqli mənzərə göstərməyə çalışırlar. Onlar istəyir ki, Ermənistan yenə əvvəlki kimi Xankəndi və ətraf ərazilərə minalar, silah-sursat daşısın. İstəyirlər ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi davam etsin. Reallıq budur! Amma arzuları gözlərində qalacaq. Çünki Azərbaycan xalqı öz dinc etiraz aksiyası ilə bu murdar planların qarşısını qətiyyətlə alır və bundan sonra da belə olacaq", - deyə S.Kərimli əlavə edib.