...

Aİ Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Yanvar 2023 16:36 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.

Trend-in məlumatına görə, bununla bağlı qərar Aİ XİN rəhbərlərinin iclasında qəbul edilib.

Qərarda missiyanın məqsədinin Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin olunmasından ibarət olduğu deyilir.

Missiya, həmçinin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə də öz töhfəsini verəcək.

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.

Xatırladaq ki, 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert müşahidəçi göndərmək barədə qərar qəbul etmişdi. 2022-ci il 19 dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin mandatı bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti