...

Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına ciddi mesajlar verdi – Afət Həsənova

Siyasət Materials 21 Fevral 2023 10:38 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına ciddi mesajlar verdi – Afət Həsənova

Bakı. Trend:

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı keçirilən plenar iclas zamanı, eyni zamanda televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev bir daha Azərbaycanın qətiyyətli mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistana və onun havadarlarına ciddi mesajlar verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Prezident Azərbaycanın regionda sülh və sabitliyin tərəfdarı olduğunu diqqətdə çatdırdı və bu istiqamətdə hansı tədbirlərin görülməsinin vacibliyini bəyan etdi.
“Cənab Prezident vurğuladı ki, hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”.

Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirərək regionda sülhün və sabitliyin bərqərar olmasına süni əngəllər törədir, bu prosesi ləngiməyə çalışır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Dövlət başçısı İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri nəticəsində regionda yaranmış yeni reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

“Cənab Prezident bəyan etdi ki, “İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir”.

Dövlət başçısı bununla da Ermənistana və havadarlarına bir daha mesaj verdi ki, onlar öz xülyalarından, əsassız və revanşist iddialarından əl çəkməli, yeni reallıqla barışmalıdırlar.
Eyni zamanda dövlət başçısı Azərbaycanın haqqın, ədalətin yanında olduğunu diqqətə çatdıraraq daxili işlərimizə kənar qüvvələrin qarışmasıa heç zaman imkan verilməyəcəyini bəyan etdi”, - deyə deputat qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində ölkəmizin mövqeyini bir daha açıq şəkildə bəyan etdi.
“Dövlət başçısı vurğuladı ki, “Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır”.

Cənab Prezident bununla da həm də Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha ifşa etdi. Bəli, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, burada əsas maneə isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Artıq bütün dünya bunu bilir və regionda yaranmış yeni reallıqları qəbul edir. Ermənistanın yalanları, əsassız bəhanələri, dünya ictiamiyyətini aldatmaq cəhtləri artıq qəbul edilmir.

Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Ermənistan yalan danışmaq, dünya ictiamiyyətini aldatmaq imkanlarından məhrum olub. Burada Ermənistanın qarşısında yalnız bir seçim qalır, o da Azərbaycanın yaratdığı yeni reallıqla barışmaq və Azərbaycanın təklif etdiyi əməkdaşlıq mühitindən fayadalanmaq. Əks halda Ermənistan özünü daha çətin vəziyyətə salmış olacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti