Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ermənistana yeni mülki missiya (EUMA) göndərib.
Avropa Komissiyasının məlumatlarına əsasən, EUMA-nın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq. Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşdiriləcək missiyanın səlahiyyət müddəti 2 il olacaq. Bundan əvvəlki missiyanın səlahiyyət müddəti isə 2 ay idi. Belə ki, Avropa İttifaqının ötən ilin oktyabr ayında Ermənistanda başlayan Monitorinq Qrupunun mandatı dekabr ayında başa çatmışdı.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Heseynova bildirib ki, Avropa İttifaqının bu qədər uzun müddətə Ermənistana müşahidə missiyası göndərməsi anlaşılan deyil və ikili standarların nümunəsidir.
“Hesab edirəm ki, bu missyanın məqsədi heç də regionda sülh və sabitliyin bərpa olunmasına dəstək vermək deyil. Əvvəl 2 aylıq missiya göndərdilər, indi isə 2 illik. Əslində bu fəaliyyətin başında Fransa dayanır. Çünki məhz Fransanın xarici işlər naziri Katron Kolonna 2022-ci ilin oktyabrın 20-dən Ermənistanda olan Aİ-nin müşahidə missiyasının mandatının vaxtının artırılmasını vacib olduğunu bildirmişdi və o, bunu missiyanın sərhəddəki monitorinqinin “eskalasiya riskini azaltması” ilə izah etmişdi. O zaman da Kolonnanın bu bəyanatı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qəbul edilməmişdi və regionda gedən proseslərə müdxilə kimi qiymətləndirilmşdi.
Əslində, yeni missiyanın göndərilməsində məqsəd Ermənistan vasitəsilə regionda möhkəmlənməyə cəhd etməkdir. Ermənistan heç zaman müstəqil siyasət aparmayıb. Əgər Avropa İttifaqı regionda sülhün və sabitliyin bərqərar olmasında bu qədər maraqlıdırsa bəs 30 il ərzində Azərbaycan torpaqları erməni işğalı altında qaldığı zaman nədən regiona heç bir missiya göndərmirdi, Ermənistana heç bir təzyiq göstərmirdi?! İndi isə Avropa İttifaqı Ermənistana 100 nəfərlik missiya göndərir. Avropa İttifaqının bu bu canfəşanlığı regionda öz maraqlarını təmin etmək istəyindən irəli gəlir. Bu gün Azərbaycan regionda yeni reallıq yaradıb və Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfrnsı zamanı regionda sülh və sabitliyin əsas şərtlərini bir daha açıqladı. Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, lakin prosesə süni əngəllər törədən məhz Ermənistandır. Belə olan halda Avropa İttifaqı həqiqətən regionda sabitliyin bərpa edilməsini istəyirsə birnci növbədə Ermənistanın sülh müqaviləsini imzalamasını təmin etməlidir”, - deyə deputat qeyd edib.”
Milli Məclisin deputatı Cavid Osmanov Trend-ə açıqlamasında deyib ki, Avropa İttifaqının bu missiyasının onun ermənipərəst mövqeyindən irəli gəlir.
“Fransanın əvvəldən məqsədi bu missiyanın mandatını uzatmaq idi və bu plan əvvəldən qurulmşdu. Hazırki vəziyyətdə Ermənistana belə bir missiyanın göndərilməsinə heç bir ehtiyac yoxdur. Bu missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində nəyin monitorinqini aparacaq?
Regionda sülhün və sabitliyin bərqərar olmasına mane olan məhz elə Ermənistandır. Azərbaycan Vətən müharibəsində tarixi Zəfəri ilə regionda yeni reallıq yaradıb və regionda sülhün və sabitliyin bərqərar olması üçün yeni imkanlar açılıb. Eyni zamanda Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib. Bu prosesi pozan, destruktiv mövqe nümayiş etdirərək sülh müqaviləsini imzalanmasına süni əngəllər yaradan məhz Ermənistandır.
Ermənistan hələ də Vətən müharibəsindən məğlubiyyəti nəticəsində imzaladığı üçtərəfli bəyanatın və ondan sonra imzalanan digər sənədlərin müddəalarını yerinə yetirməyib. Ona görə də yaxşı olardı ki, Avropa İffifaqı missiya göndərmək əvəzinə Ermənistanı konstruktiv mövqe nümayiş etdirməyə, imzalanmış sənədləri yerinə yetirməyə məcbur etsin”, - deyə deputat əlavə edib.