Bakı. Trend:
Heydər Əliyev dövlətin nüfuzunu artırmaq üçün çox işlər görüb. Ulu öndər 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə ciddi dəyişikliklər baş verdi.
Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Elm və Təhsil Nazirliyi nəzdində akademik Yusif Məmmədəliyev adına Neft -Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev hələ Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifəsində olarkən çox sayda insanı bəlalardan xilas edib, dövlətin nüfuzunu qaldırmaq üçün çox işlər görüb.
"Heydər Əliyevin siyasətində çox istiqamətlilik olub. Əsas prioritetlər xüsusi müəyyənləşib. Heydər Əliyev bilirdi ki, neft strategiyası düzgün formalaşmasa, dövlətin güclü gələcəyi mümkün deyil. Məsələn, Azərbaycan dili dövlət dili elan edilməsə, xalq öz dilini unuda bilər. SSRİ kimi bir dövlətdə o dövrdə konsitutsiyaya dəyişiklik etməyə və Azərbaycan dilini dövlət dili kimi təsbit eməyə çox böyük cəsarət lazım idi. SSRİ-nin rəhbərliyində başqa millətlərdən olan şəxslər içində Heydər Əliyev qədər nüfuzlusu yox idi. Sovet hökumətinin idarəçilik maşınında demək olar ki, hamı məhv oldu. Amma Heydər Əliyevi məhv edə bilmədilər. Çünki o zamanında necə hərəkət etmək lazım olduğunu bilirdi. Vaxtı ilə neft strategiyası quruldu. Yeni yataqlar kəşf olundu, xaricdən ən müasir qurğular gətirildi ",- deyə akademik qeyd edib.
V.Abbasov həmçinin bildirib ki, müstəqillik illərində ulu öndər Heydər Əliyevin layihəsi olan "Əsrin müqaviləsi" bağlananda ölkə ən ağır vəziyyətdə idi.
"Atəşkəs dövründə o müqavilənin bağlanması bugünkü qələbəyə bir zəmanət verdi. "Əsrin müqaviləsi" bağlanarkən bir çox ölkə siyasətçilər buna qarşı çıxır, mane olmağa çalışırdılar. Həmin dairələr sonradan yalvardılar ki, bizi də o müqavilələrə qoşun, birgə əməkdaşlıq edək. Həmin dövrdə ulu öndər tərəfindən təməli qoyulan düzgün neft strategiyası sonrakı illərdə də, elə bu gün də uğurla davam edir. Yaxın keçmişdə Avropa ölkələri, həmçinin Türkmənistanla bağlanan müqavilə də çox möhtəşəmdir".
Akademik Heydər Əliyevin elm və təshil sahəsinə verdiyi əvəzsiz töhfələrdən də danışıb: "Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda Heydər Əliyevə qədər ali təhsilə, elmə dəyər verən rəhbər olmayıb. Onun dövründə yüzlərlə alimin ev şəraiti yaxşılaşıb, dövlət təltiflərinə layiq görülüb. Bacarıqlı, savadlı elm adamları irəli çəkilib. Bu da əlbəttə ki, elm adamlarına bir stimul verib, ölkəmizdə təhsil sahəsi inkişaf edib".
V.Abbasov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin qurub yaratdığı Azərbaycan dövləti bu gün güclüdür, qüdrətlidir: "İnkişaf etmiş iqtisadiyyatımız, sənayemiz, güclü ordumuz var. Bütün bu amillər də Azərbaycanın nüfuzunu dünya miqyasında durmadan artırır. Bunların hər biri ulu öndərin və Prezident İlham Əliyevin çox güclü daxili və xarici siyasətinin nəticəsidir", - deyə o bildirib.