Bakı. Trend:
Azərbaycan dünyada multikulturalizmdə nümunə göstəriləcək ölkələrdən birincisidir.
Bu barədə Trend-ə özəl açıqlamasında Avropa-Türk-İslam İttifaqının prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi deyib.
O qeyd edib ki, demokratik, insan hüquqlarına hörmət edilən yer olaraq tanıdılan ölkələrdə irqçilik, ayrı-seçkilik baş verir.
“Qarabağda baş verənləri dünya görür, lakin göstərmir. Qarabağda insanlar ermənilər tərəfindən öldürüldü, torpaqlarından didərgin salındı, onların inanclarına, məscidlərinə hörmət göstərilmədi. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdikdən sonra, ermənilərin o torpaqlarda etdikləri faktlarla göz qarşısındadır. Azərbaycanda isə hər zaman başqa inanca, dinə sahib insanlara, onların dini məbədlərinə hörmətlə yanaşılıb”, - deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.