...

Paris İslamı hədəf seçərək özünü vurur

Siyasət Analytics 16 Mart 2023 16:21 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiyanı az qala dövlət siyasətinə çevirən rəsmi Paris hədəfə çatacağını düşünsə də, özü əməllərinin bundan sonrakı fəsadlarının hədəfi olacaq.

..."Place de la Nation", Parisin ən məşhur yolayrıclarından və meydanlarından biri. Burada tez-tez islamofobiyaya və müsəlmanlara irqçi münasibətə qarşı mitinqlər keçirilir.

Son mitinqdəki şüarlar fərqli idi, çünki Fransda islamofobiya, antisemitizm və irqçilik kimi ictimai bəlalara yenisi, "İslamofaşizm" əlavə olunub.

Təəccüblü heç nə yoxdur: belə də olmalı idi.

Hələ iki il əvvəl "Fransada islamofobiyaya qarşı kollektiv" ("Collectif contre l’islamophobie en France") hərəkatının yasaqlandığı Parisdə islamofobiya, müsəlmanların hüquqlarının pozulması adi hala çevrilib.

Müsəlmanlara qarşı faşist mövqedən çıxış edənlərin bəyanatlarında əcaib diskurs müşahidə olunur: Fransada ifrat sağçılardan, radikal mühafizəkarlardan tutmuş, aşkar neonasistlərə və zooloji millətçilərə qədər geniş müstəvidə olan qüvvələrin fikrincə, neomüstəmləkəçiliyə, irqçiliyə və qadınların istismarına qarşı çıxanların istisnasız olaraq hamısı ifrat solçularla müsəlmanların "sintezi olan yeni cərəyan"dır.

Fransadakı müsəlmanların səbr kasası daşmaq üzrədir. Səbəb ölkədə islamofobiyanı dözülməz, pik həddə çatmasıdır.

"Demokratik dəyərlərə sayğının möhkəmləndirilməsi prinsipləri" qanunun qəbulundan sonra isə Fransada islamofobiya faktiki olaraq qanuniləşdirilib.

Dövlət səviyyəsində müşahidə edilən sistematik irqçilik və islamofobiyanın belə "legitimləşdirilmə"sinin səbəbi rəsmi Parisin ölkədəki müsəlman vətəndaşlardan çəkinməsi və onları qorxutmağa çalışmasıdır.

Müsəlmanların hüquqlarını pozaraq onları rəsmi səviyyədə alçaldan qanun müsəlmanların dini, sosial və mədəni fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, onları "ikinci növ vətəndaşlar" sayır.

Eyni zamanda, sözügedən qanun ölkədəki istənilən müsəlmanın yaşamının və fəaliyyətinin dövlət strukturları tərəfindən izlənməsinə şərait yaradır. Birbaşa və yalnız müsəlmanlara qarşı yönəlmiş sənəd Fransa vətəndaşlarını iki yerə ayırır: Konstitusiyanın müəyyənləşdirdiyi bütün hüquqlardan və azadlıqlardan istifadə edənlərlə belə hüquqları olmayanlar.

Məhz bu səbəbdən Avropa İttifaqının bir sıra ölkələrində olduğu kimi, Fransada da islamofobiya, irqçilik və ksenofobiya artıq ölkədəki bütün dini icmaların problemlərinə çevrilib.

Vəziyyət çox ciddidir: beynəlxalq təşkilatların son hesabatlarına görə, əgər Avropa İttifaqı ölkələrində dini və irqi zəmində ayrı-seçkilik həddi 47 faizə çatıbsa, Fransada bu rəqəm 54,2 faizə bərabərdir.

Fransada media və sosial şəbəkələr müsəlmanlara qarşı nifrət açıqlamaları ilə doludur.

Baş verənlərin səbəblərini araşdırsaq, dörd əsas məqam ortaya çıxır:

1. Fransada aparıcı siyasi qüvvələrin, medianın və hakimiyyət strukturlarının dünyəvilik, tolerantlıq, demokratik cəmiyyət və insan haqları ilə bağlı təsəvvürləri. Fransada inqilabların əsas məqsədlərindən biri cəmiyyətlə dövlətin kilsə təzyiqindən və kontrolundan azad edilməsi idi. Kilsənin avtokratiya sayılması ilə bağlı mövqelər indi İslamın totalitar ideologiyanın daşıyıcısı olması kimi absurd yanaşma tərzinə təkan verib.

2. Fransa hakimiyyətinin dünyəvilik və sekulyarlıq anlayışı. Rəsmi Paris əmindir ki, müsəlman vətəndaşlar üzərində total nəzarət əldə edilərsə, dünyəviliyin üzləşə biləcəyi çağırışlar aradan qalxacaq. Məhz bu səbəbdən Qərb ölkələrinin hamısından fərqli olaraq, Fransada dindar şəxsin dövlət ierarxiyasında yüksək post tutması mümkün deyil. Başı hicablı və ya əmmaməli şəxs isə Britaniya, Kanada, ABŞ, Almaniya və ya Belçikadan fərqli olaraq, ümumiyyətlə, belə vəzifəyə ümid etməməlidir.

3. Fransanın müstəmləkə keçmişi və neomüstəmlkə indisi. Əsrlər boyu istilada saxladığı ölkələri metropoliya qismində istismar edən, müstəmləkəçilik siyasəti yürüdən Paris indi neokolonializm strategiyasını reallaşdırır. Tarix boyu müsəlmanlara divan tutmuş Paris indi ölkə əhalisinin 10 faizinin müsəlman olması ilə barışmır və barışmaq da istəmir. Halbuki, ilk müsəlman mühacirlərdən fərqli olaraq, onların törəmələri fransız dilini əla bilir və özlərini tamhüquqlu ölkə vətəndaşları kimi görmək istəyirlər. Onlar qeyri-müsəlmanlarla bərabər hüquqlar tələb etsələr də, gördükləri münasibət ayrı-seçkilik, təqiblər, seqreqasiyadır.

4. Müsəlmanların "əlverişli" və "əlverişsiz" kimi iki yerə bölünməsi. Fransanın dövlət siyasəti və rəsmi qurumlarının taktikasında belə bölgü mövcuddur. Hərgah, əvvəllər rəsmi Paris ölkədə radikal islamçılıq kimi dəyərləndirilə biləcək istənilən çağırışı və ya əməli dərhal kriminallaşdırdısa, indi artıq müsəlmanların əməlləri bir yana - fikirləri belə cinayət sayıla bilər.

...Sadalananlar siyasi İslamla mübarizəni "leqallaşdıran" olduqca təhlükəli məqamlardır. Rəsmi təbliğatın, kütləvi informasiya vasitələrindəki propaqandanın məqsədi müsəlman olmayan fransalılarda "müsəlmanlar demokratiya, dünyəvi dövlət, Respublika ideyaları üçün real və potensial təhlükədir" fikrinin yaradılmasıdır.

Nəticə faciəlidir: Fransada yaşayan müsəlmanların tam əksəriyyəti ölkə vətəndaşları olsalar da, özlərini yad, bir çox hallarda isə ikinci dərəcəli insanlar hiss edirlər.

İslama qarşı paranoyanın dövlət siyasətinə çevrilməkdə olduğu Fransada dövlət başçısı Emmanuel Makronun tolerantlıq və multikulturalizmdən çox danışmasına rəğmən, müsəlmanları təqib edən, təhqirlərə məruz qoyan, hədələyən və hücumlar edənlərdən kimsə adekvat məsuliyyətə cəlb edilməyib.

Tam əksinə, Fransada terrorizm artıq az qala İslamla eyniləşdirilir, halbuki, terrorçunun dini olmur.

Fransada bir zamanlar bəyan edilən və sonra dövlətin devizinə dönən "Azadlıq, Bərabərlik, Qardaşlıq!" ("Liberte, Egalite, Fraternite!") şüarını Makron hakimiyyəti arxaizmə döndərərək gərəksiz söz yığınına çevirib.

Müsəlmanlar Fransada az qala hər əməldə - hətta qeyri-heteronormativ və multikultural olmaqda - suçlanırlar. Halbuki, din nə irq, nə etnos, nə də milli mənsubluq deyil.

Üstəlik, Fransada dövlətin təbliğ etdiyi sekulyarizm (dünyəvilik) prinsipləri anormal olaraq müsəlmanlara qarşı düşmənçilik elementləri ilə zəngindir.

"Laïcité", yəni dünyəvilik, sadəcə, inanc və din azadlığı yox, həm də insanın dinə münasibəti və baxışlarıdır. Fransada bir zamanlar bu mövqe katolik kilsəsinə qarşı hazırlansa da, dinə, xüsusilə də İslama antipatiya dövlət siyasətində adi haldır.

Fransa Müsəlmanlarının İnancı Şurası (Conseil Français du Culte Musulman, CFCM) son iki ildə ölkədə 92 məscidin qapandığını bəyan edib.

...Orta əsrlərdə Fransada katolik kilsəsi müsəlmanlarla yəhudiləri "ikinci dərəcəli insanlar" elan edərək baş örtüklərinə və minarələrə qarşı mübarizə aparırdı. İndisə "fransız mədəniyyəti və dəyərlərinin İslamla uyğunlaşmadığı" barədə danışılır.

Yazıçı Toni Morrison demişkən, "məqsəd irqçilik və dözülməzlikdirsə, səbəb mütləq tapılacaq".

"Place de la Nation"da isə müsəlmanların mitinqləri davam edir...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti