...

İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur - Ceyhun Məmmədov

Siyasət Materials 6 Aprel 2023 20:56 (UTC +04:00)
İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamenti bu günlərdə Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı növbəti bir absurd bəyanat yaydı. Bəyanatda Azərbaycana qarşı bir sıra əsassız ittihamlar səsləndirilir. Orada İslam Əməkdaşlıq Təşkilatına müraciət edilərək Azərbaycanın qəti şəkildə pislənilməsi ilə bağlı məsələ də əksini tapıb. Eyni zamanda, müsəlman ölkələrinin bu məsələdən narazı qalacaqları qeyd olunur. Heç şübhəsiz ki, bu, İran tərəfinin riyakarlığının növbəti təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, burada belə bir haqlı sual yaranır. “Kim kimdən narazı qalmalı və ya şikayət etməlidir? Əslində, bu günə görə etdiklərinə, hər zaman Ermənistanın yanında olduğuna, işğal olunmuş ərazilərimizin dağıdılmasında barbarcasına iştirak etdiyinə görə Azərbaycan İranı şikayət etməlidir.

İran İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində hər zaman İslam həmrəyliyindən danışır. Ancaq bu təşkilatın Azərbaycanla bağlı qərarlarına biganə yanaşır, Ermənistana davamlı dəstək göstərir.

Azərbaycanla Ermənistan arasında münaqişəyə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə qurmadı. Bəs, İran nə etdi? Bir tərəfdən Ermənistanı dəstəklədi, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəklədi. Son günlər ölkəmizdə baş verən hadisələr bunu bir daha təsdiq etdi”, - deyə deputat bildirib.

O əlavə edib ki, İranın gözü qarşısında ermənilər məscidlərimizi barbarcasına dağıtdılar, içərisində donuz və inək saxladılar.

“Qəbiristanlıqları şumlayaraq yerində əkin işləri həyata keçirdilər. Mən bu günə kimi hələ də dağıdılmış evimizin yerini, doğmalarımın qəbirlərini tapa bilmirəm. İran isə bir müsəlman ölkəsi kimi, bütün bunları görməməzlikdən gəldi. 30 il ərzində hər zaman İran Ermənistana siyasi, hərbi və iqtisadi yardım etdi. Qarabağa terrorçu göndərən, Ermənistana silah göndərən, Zəngəzur dəhlizini "qırmızı xətt" sayan da İrandır. Budurmu İslam həmrəyliyi və müsəlman təəssübkeşliyi?! Odur ki, İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur”, - deyə C.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti