Bakı. Trend:
Azərbaycan dünya arenasında öz mövqelərini möhkəmləndirməyə davam edir. Prezident İlham Əliyevin Bosniya və Herseqovina səfəri son illər ərzində Azərbaycanın Avropa üçün əhəmiyyətinin necə artdığının daha bir nümunəsidir.
Prezident İlham Əliyevin səfərindən öncə iki ölkənin işgüzar çevrələrinin görüşü çərçivəsində Azərbaycan və Bosniya və Herseqovina investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər. Həmçinin Azərbaycan Ticarət Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb ki, bu da hər iki tərəf üçün əməkdaşlığın necə mühüm olduğunun daha bir sübutudur.
İxrac istiqamətini genişləndirməyə çalışan Azərbaycan Bosniya və Herseqovina bazarının azərbaycanlı sahibkarlar üçün cəlbedici və imkanlarla dolu olduğunu düşünür. İki ölkə arasında ticari münasibətlər o qədər güclü inkişaf etməyib. Son il ərzində ümumi əmtəə dövriyyəsi 5 milyon dollardan bir az artıq olub. Lakin bu səfər zamanı atılan addımlar bu münasibətləri yeni səviyyəyə çıxaracaq.
Dünən Prezident İlham Əliyevin səfəri çərçivəsində atılan daha bir vacib addım strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması oldu.
Dünən Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçlə mətbuata birgə bəyanatlarla çıxışında dediyi kimi, bu bəyannamə Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin gələcək inkişafının istiqamətini əks etdirir.
Strateji tərəfdaşlıq haqqında sənəd tərəflər arasında daha effektiv və geniş əməkdaşlıq, daha müntəzəm əlaqələr, effektiv iqtisadi münasibətlər, təhlükəsizlik sahəsində əməkdaşlıq və bir çox digər sahələrdə müxtəlif vəzifələri nəzərdə tutur.
"Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək", - deyə dövlət başçısı vurğulayıb.
Bundan başqa, hər iki tərəfin razılığa gəldiyi daha bir məsələ - Azərbaycanda Bosniya və Herseqovina səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək.
Prezident İlham Əliyev həmçinin Bosniya və Herseqovina ilə "yaşıl" enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu və bununla əlaqədar olaraq hidroenergetika və digər bərpa olunan enerji mənbələri sahəsində birgə tədqiqatların aparılacağını vurğulayıb.
"Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bundan başqa, tərəflər həmçinin nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə toxunaraq bütün istiqamətlərin diqqətlə öyrənilməli olduğunu qeyd ediblər. Azərbaycan öz nəqliyyat-logistika infrastrukturunu inkişaf etdirməklə Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bununla belə, ölkə digər ölkələrin mühüm infrastrukturuna investisiyaları əhəmiyyətli dərəcədə artırmağa davam edir. Bosniya və Herseqovina Balkanlarda əsas iştirakçılardan biri olmaqla Azərbaycanla birgə layihələr hesabına öz potensialının artırılmasında və iki mühüm region olan Cənubi Qafqazın və Balkanların orada yaşayan bütün xalqların rifahı üçün vəhdətində böyük perspektivlərə malikdir.
Prezident İlham Əliyevin Sarayevo səfəri Azərbaycan-Bosniya və Herseqovina tərəfdaşlığının hərtərəfli və mütərəqqi inkişafının parlaq nümunəsidir. Bəlkə də çox az dövlət bu qədər Avropa ölkəsi ilə belə münasibətlərlə öyünə bilər. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan öz avropalı tərəfdaşları ilə bərabər şərtlərdədir, ölkənin fikirləri nəzərə alınır. Azərbaycan Qafqazda əsas iştirakçı olaraq daha geniş regionda getdikcə daha mühüm tərəfdaşa çevrilməkdədir.