...

Heydər Əliyevin bir günü: “Ulduz” metro stansiyasının açılışı (FOTO)

Siyasət Materials 17 Aprel 2023 12:07 (UTC +04:00)
Heydər Əliyevin bir günü:  “Ulduz” metro stansiyasının açılışı (FOTO)

Bakı. Trend:

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.

17 aprel 1970-ci il - Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri kimi ilk dəfə açılışında iiştirak etdiyi “Ulduz” metro stansiyası istifadəyə verilib.

1968-ci ilin fevralında “Xətai" stansiyası istifadəyə veriləndə Bakı metropoliteninin birinci növbəsinin birinci buraxılış sahəsinin tikintisi başa çatıb. Cəmi 6 stansiyası olsa da, metro paytaxtın həyatında mühüm hadisəyə çevrilməklə, insanların hərəkət rahatlığına xüsusi təsir göstərmişdi.
O dövrdə qazma işləri 6.3 km uzunluğu olan "Nərimanov-Neftçilər” sahəsində aparılırdı. Lakin metro inşaatı birbaş SSRİ-nin aidiyyəti mərkəzi qurumlarının səlahiyyəti və nəzarətində idi. Yeraltı xətlərin uzadılması üzrə işlər davam etsə də, Bakının ağır hidrogeoloji şəraiti, metro inşaatının mürəkkəblikləri və maliyyə məsələləri əsas gətirilməklə bu prosesin ləngidilməsinə çalışanlar kifayət qədər idi. Lakin 1969-cu ilin iyul ayından respublika partiya təşkilatına rəhbərlik etməyə başlayan Heydər Əliyevin birbaşa nəzarəti ilə tikinti işləri daha geniş vüsət aldı.

1970-ci ilin aprel ayının 17-də Bakının böyük sənaye rayonundakı meydana xeyli insan toplaşmışdı. Onların böyük əksəriyyəti yaxınlıqda yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunun, Bakı Elektrik Ştamp Zavodunun, Bakı Komvol Kombinatı və digər müəssisələrin işçiləri idilər. Yeni stansiyanın açılışına daha çox sevinən də məhz onlar idi. Çünki işə rahat gedib-gələcək, yola sərf etdikləri vaxta qənaət edəcəkdilər.

Açılış mərasimi münasibətilə təşkil edilən mitinqdə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Abdulla Qədirov, Bakı Tunel Tikintisi İdarısinin rəisi Əlövsət Əbdülrəhimov, Bakı metropoliteninin rəisi Lütfəli Nuriyev çıxış etdilər. Metro rəisinin çıxışından sonra mikrofona Heydər Əliyev yaxınlaşdı. O, "Ulduz" stansiyasının Bakı zəhmətkeşlərinə şanlı metro inşaatçılarının gözəl hədiyyəsi olduğunu dedi. Heydər Əliyev metro inşaatçılarının üzərinə mürəkkəb vəzifə düşdüyünü, lakin bunu yeni böyük əmək qələbəsi və tuneltikmə texnikasının təkmilləşdirilməsi baxımından irəliyə doğru yeniliklərlə başa vurduqlarını vurğuladı.

- Yaradıcı təxəyyülünüz, sizin ilhamlı əməyiniz yeni cəsarətli texniki vasitələr tapmağa imkan vermişdir. Böyük razılıq hissi ilə qeyd edirik ki, qarşınıza qoyulan məsul vəzifənin öhdəsindən gəlməklə bərabər, Vətənimizdə metro tikintisi təcrübəsini bir sıra yeni üsullarla zənginləşdirmisiniz. İndi həmin üsullardan başqa şəhərlərdə metropolitenlərin tikintisində müvəffəqiyyətlə istifadə olunur. Bakıda metropoliten tikintisi ölkəmizdə xalqlar dostluğunun canlı və böyük qüvvəsinə daha bir misaldır. Bütün müttəfiq respublikaların 150-dək müəssisəsi buraya avadanlıq, aparatlar və kabel məhsulları göndərmişdir. Nəqliyyat Tikintisi Nazirliyi, Baş Tunel Metro Tikintisi İdarəsi, Moskva, Leninqrad (indiki Sankt-Peterburq – red.), Kiyevin metro inşaatçılarının qardaş kollektivləri şəhərimizdə metro tikintisinə böyük yardım göstərmiş və göstərirlər.

Heydər Əliyev əmin olduğunu bildirib ki, metro inşaatçıları dövrün çağırışlarına cavab olaraq tikinti-quraşdırma işlərini müvəffəqiyyətlə və yüksək keyfiyyətlə görəcək, yeraltı tikinti texnikasının səviyyəsini daha da yüksəldəcək, qazmanın sürətini daha da artıracaqlar.

Açılış mitinqindən sonra Heydər Əliyev stansiyanın açılışının rəmzi olan qırmızı lenti kəsdi. Daha sonra saat 15:45-də maşinistlər Rəfail Əliyev və Ramiz Məmmədovun idarə etdikləri qatar ilk sərnişinləri ilə hərarətli alqışlar altında “Nərimanov” stansiyasına doğru yola düşdü.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birbaşa rəhbərliyi dövründə, onun Moskvada SSRİ-nin Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışdığı müddətdə yaxından dəstəyi sayəsində və daha sonra müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə Bakı metropoliteninin inşasında əvəzsiz xidmətləri olub. Təkcə onu demək yetər ki, 2003-cü il üçün istifadədə olan 31,5 km-ə bərabər metropoliten xətlərinin 22,3 kilometri, o cümlədən 14 metro stansiyası məhz Ulu Öndərin birbaşa iştirakı və dəstəyi ilə inşa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti