Bakı. Trend:
Ermənilərin Kəlbəcərin Başlıbel kəndində törətdiyi qətliam düşmənimizin necə barbar olduğunu sübut edən faktlardan biridir.
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.
O qeyd edib ki,Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsi, ağır işgəncələrə məruz qoyması bütövlükdə insanlığa qarşı amansız cinayətdir.
"Bütün bu vəhşilikləri dünya ictimaiyyəti bilməlidir. Ermənilər silahsız mülki əhalini qətl etməklə yanaşı kəndin tarixi, mədəni və dini obyektlərini dağıdaraq məhv ediblər. Torpaqlarımızda ermənilər Başlıbel faciəsi kimi neçə-neçə qətliamlar törədiblər. Ermənistanın törədiyi insanlıq əleyhinə cinayətlərə beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Dinc əhaliyə qarşı cinayət əməlləri törədən Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidir. Başlıbel qətliamı Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə əməliyyatlarından biridir”, - deyə E.Həsənov bildirib.
Qeyd edək ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğal edən zaman Başlıbel kəndində törətdiyi qırğından 30 il ötür. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.